«Azərbaycanın təbii-coğrafi mövqeyi və zəngin tarixi burada turizmin bütün növlərinin inkişafı üçün əlverişli şərait yaradır». Bu sözləri Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda ovçuluq turizminin inkişafı üçün də ölkəmizdə kifayət qədər potensial var: «Turizmin bu növü bütün dünyada çox gəlirli biznes kimi qəbul edilir. Azərbaycan ovçuluq turizminin potensialı baxımından yalnız Afrika ölkələri ilə müqayisə oluna bilər. Ölkəmiz ov həvəskarları üçün əsl cənnətdir desək, yanılmarıq. Çünki Azərbaycanda bir neçə min heyvan və quş növü məlumdur. Düzdür, bəzi heyvan və quşların ovlanması Azərbaycanın mövcud qanunları ilə qadağandır, bəzilərinə isə xüsusi lisenziya ilə icazə verilir».
   Nazirlik rəsmisi Azərbaycanda kənd-yaşıl turizminin perspektivinə də toxunub. O bildirib ki, dünya turizm sənayesində kənd əraziləri - kənd turizmi mühüm yer tutur. M.Qəhrəmanovun sözlərinə görə, kənd ərazilərinin landşaft, klimatoloji, balneoloji, tarixi-mədəni və digər amilləri insanların fiziki və mənəvi bərpasına təsir edən dəyərsiz qüvvələrdir. 

 Fəxriyyə