Dahi şairimiz Məhəmməd Füzuli yazırdı: “...Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək”. Qəhrəman Vətən övladlarımızdan Elyar Cəlal oğlu Mirzəyev də İkinci Qarabağ müharibəsinə şəhidlərimizin intiqamını almaq, torpaqlarımızı yağı düşməndən azad etmək üçün getmişdi. Qismətində bu arzusuna çatmaq da vardı, şəhidlik zirvəsinə ucalmaq da...

Elyar 6 sentyabr 1984-cü ildə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. 1990-cı ildə Sərdar İmrəliyev adına Bahar qəsəbə tam orta məktəbinin 1-ci sinfinə gedir. Uşaqlıqdan futbola maraq göstərir, məktəbdə oxuduğu illərdə qəsəbənin eyniadlı futbol komandasında çıxış edir.

Orta məktəbi bitirdikdən sonra 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində hərbi xidmət keçir. Xidməti ərzində “Ədliyyə” futbol klubunda sevimli peşəsini də davam etdirir. Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən paytaxtın “Bakılı” futbol klubunda çıxış edir. Ailə həyatı qurması ilə əlaqədar rayona qayıdan Elyar Mirzəyev Beyləqanın “Mil” komandasında oynayır. 2006-2007-ci illərdə “Mil” klubunun tərkibində Respublika Həvəskarlar Liqasında çempion olur, ölkə kubokunu qazanır. Bir müddət Bakıya gələrək “EKOL” MFK-da (mini futbol klubu) məşqlər keçir və sonra yenidən rayona qayıdır.

2016-cı ildə isə ailəsinə xəbər vermədən sənədlərini “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na verir. Kursu uğurla bitirən Elyar N saylı hərbi hissənin “Həmlə” taborunda pulemyotçu kimi xidmətə başlayır. O, qısa müddət ərzində futbolda qazandığı uğurları hərbçi kimi də təkrarlayır. Dəfələrlə fəxri fərman və təşəkkürnamələrə layiq görülür. 2019-cu ildə isə Gəncədə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə ordu çempionatında İkinci Ordu Korpusunun komandası tərkibində çempion olur.

Elyar Mirzəyev 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində ön cəbhədə döyüşür. Onun döyüş yolu Füzuli istiqamətindən başlayır. “Həmlə” taborunun tərkibində müharibənin birinci günündən düşmənin illərlə möhkəmləndirdiyi istehkamı keçərək bir neçə kəndin işğaldan azad edilməsində iştirak edir. Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə pulemyotçu kimi işinin öhdəsindən layiqincə gəlir. Dəfələrlə atəş altında qalan yaralı yoldaşlarını xilas edir. Oktyabrın 14-də Hadrut istiqamətindəki Şaban dağının ətəyində gedən döyüşdə düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.

Atası Cəlal Mirzəyev deyir ki, Elyar çox vətənpərvər uşaq idi. Uşaqlıqdan hərbçi peşəsinə də marağı olub, amma evin tək uşağı olduğuna görə bu istəyini bizə deməkdən ehtiyat edərdi: “Ancaq istəyinə nail oldu. Vətən müharibəsinə gedəndə bizə təsəlli verirdi. Telefonla danışanda da deyərdi ki, narahat olmayın, hər şey yaxşı olacaq, biz qalib gələcəyik! Mən oğlumla fəxr edirəm. Bütün şəhidlərimizin ailəsinə səbir, qazilərimizə şəfa diləyirəm. Vətən sağ olsun, Allah bütün əsgərlərimizi qorusun”.

Anası Həlimə İlyasova: “Ana kimi mənə oğlum haqqında danışmaq çox çətindir. Öz dəyərlisini, əziz balasını itirən şəhid anaları məni yaxşı başa düşər. Mən oğlumun şəkilləri ilə danışaraq təsəlli tapıram. Gözlərim hər yerdə onu axtarır. Mən oğlumla qürur duyduğum kimi, çox şükür, ondan yadigar qalan iki nəvəmlə də fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şükür ki, əsgərlərimiz torpaqlarımızı yağı düşməndən azad etdilər, balamın qanını yerdə qoymadılar”.

Qızı Xanım Mirzəzadə: “Fəxr edirəm ki, mənim belə atam olub. Hər yerdə ad qazanmışdı. İstər peşəsində, istər işdə, istərsə də Vətən müharibəsində... Mən də hər zaman atam kimi olmağa çalışacağam...”.

Elyar Mirzəyev oktyabrın 16-da Bahar qəsəbəsində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Səbinə ƏLİBALAQIZI