Özbəkistanda fəaliyyət göstərən milli mədəniyyət mərkəzləri ölkənin müstəqilliyinin 30 illiyi münasibətilə təntənəli bayram tədbiri keçiriblər. Paytaxt Daşkənddə təşkil olunan tədbirdə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) də iştirak edib. Mərkəz üçün ayrılmış guşədə ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablar, suvenirlər nümayiş etdirilib, qonaqlara şəkərbura, paxlava və digər şirniyyatlarımız təklif olunub.
RAMMM-in sədri Firdovsi Hüseynov iştirakçıları Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib, ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb.
Bayram tədbirində iştirak edən xalqların nümayəndələri öz musiqi və rəqslərini təqdim edib, Azərbaycan diasporunun aktiv üzvü İlham Abdullayev sazda qədim el havalarını səsləndirib.