Prezident İlham Əliyev: “Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin”
   
   Xəbər verildiyi kimi, yanvarın 14-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
   
   İclasda geniş nitq söyləyən dövlət başçısı ötən il ölkə həyatının bütün sahələrində inkişaf tempinin davam etdiyini, o cümlədən sosial infrastruktur və mədəniyyət sahəsində mühüm işlər görüldüyünü vurğulayıb: “Bütövlükdə deyə bilərəm ki, 2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur. Sosial infrastrukturun yaradılmasında böyük işlər görülmüşdür. 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilmiş, təmir edilmişdir. 5 olimpiya mərkəzi tikilmişdir, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Biz ölkəmizi müasirləşdiririk və dünyada gedən texnoloji tərəqqiyə gərək həmişə diqqətlə yanaşaq. Ölkəmizə ən qabaqcıl texnologiyaları gətirək ki, Azərbaycanda bütün işlər yüksək səviyyədə görülsün. Bakıda, digər şəhər və rayonlarımızda abadlıq-quruculuq işləri uğurla gedir, şəhərlərimiz gözəlləşir, yeniləşir, müasirləşir. Elə etməliyik ki, 2011-ci ildə də bu sahəyə diqqət göstərilsin, bütün şəhərlərdə, rayon mərkəzlərində, kəndlərdə abadlıq-quruculuq işləri aparılsın”.
   İclasda nazirlik və dövlət qurumlarının rəhbərləri çıxış edərək ötən il ərzində görülən işlər barədə hesabat veriblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iclasda çıxış edib:
   - Möhtərəm cənab Prezident, hesabat dövründə ölkə daxilində və onun hüdudlarından kənarda 150-dən artıq dövlət əhəmiyyətli tədbir keçirilmişdir. Bu rəqəmləri Sizə məruzə edərək, ölkəmizin mədəni həyatı üçün əlamətdar olan bir amili xüsusilə qeyd etmək istərdim. Bu amil Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizin sosial-mədəni həyatının bütün sahələrinə böyük dəstək verməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi illər ərzində keçirilən bütün irimiqyaslı beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərin əsas təşəbbüskarı və təşkilatçısı Mehriban xanım Əliyeva olmuşdur. Bu ənənə 2010-cu ildə də davam etmişdir. İl ərzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, Milli Teatr Festivalı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi və IV Beynəlxalq Rostropoviç Festivalının keçirilməsi yaradıcı kollektivlər tərəfindən çox yüksək qarşılanmışdır. Nəticədə bu tədbirlər ilin ən yaddaqalan beynəlxalq səviyyəli mədəniyyət hadisələrinə çevrilmişdir.
   Əlamətdar haldır ki, “Euronews” telekanalının 2010-cu ilin yekununa həsr olunmuş verilişində Avropanın ən nüfuzlu mədəniyyət hadisələrinin sırasında Bakı Caz Festivalının keçirilməsi xüsusilə qeyd edilmişdir.
   Hesabat ilində Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatının Mədəniyyət Nazirləri Konfransına sədrlik etməsi nəticəsində ölkəmizin uğurla əməkdaşlıq etdiyi bir sıra İslam ölkələrində - Misir Ərəb Respublikasında, İordaniya Krallığında, İran İslam Respublikasında, Qətər Dövlətində, Mərakeşdə, eləcə də Kuba Respublikası və Meksikada yüksək səviyyədə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dünya ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Bu mənada hesabat ilində Sizin sərəncamınıza əsasən dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsi xüsusi əhəmiyyət kəsb edir.
   Cənab Prezident, Sizin təsdiq etdiyiniz “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ölkənin teatr həyatının yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Proqram çərçivəsində 2010-cu ilin noyabrında Bakıda ilk dəfə keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” adlı Beynəlxalq teatr konfransında 30 ölkənin nümayəndələri iştirak etmişlər.
   İl ərzində ölkə teatrlarında dövlət sifarişi ilə 20-dən artıq tamaşa hazırlanıb təhvil verilmiş, Azərbaycan rəssamlarının 40-dan artıq sərgisi keçirilmişdir. Hesabat dövründə respublikanın kitabxana, muzey, digər mədəniyyət mərkəzlərinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, xalq yaradıcılığının inkişafı və təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.
   “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamınıza əsasən, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət irəliləyişlər əldə edilmiş, respublikada 38 kitabxananın veb-saytı yaradılmış, 17 kitabxanada Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi quraşdırılmış, elektron kataloq və elektron kitabxanaların yaradılmasına başlanılmışdır.
   “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” Sərəncamınıza əsasən regionlarda fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair tədbirlər görülmüşdür. Azərbaycanda ilk dəfə olaraq Musiqi Mədəniyyəti Dövlət Muzeyində kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi - KAMİS proqramı tətbiq edilmişdir.
   Respublikanın bölgələrində yaradılmış Heydər Əliyev muzeyləri və mərkəzləri öz zəngin maddi-texniki bazası ilə seçilir, ümummilli lider Heydər Əliyevin həyat yolunu geniş işıqlandırmaqla yanaşı, əhalinin, xüsusən gənclərin mədəni həyatının təşkilində mühüm rol oynayır.
   Əbülfəs Qarayev çıxışında ötən il ölkədə tarixi abidələrin bərpası istiqamətində görülən işlərə də nəzər salıb. Nazir həmçinin qeyd edib ki, Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət proqramının icrası uğurla yerinə yetirilmiş, yeni filmlər çəkilmiş və onlar beynəlxalq festivallarda nümayiş etdirilmişdir. Azərbaycan beynəlxalq kitab sərgilərində də uğurla təmsil olunmuş, teatrlar, muzey və digər mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri görülmüş və bu, indi də davam edir.
   Nazir turizm sahəsində görülən işlərdən də danışıb:
   - Möhtərəm cənab Prezident, 2010-cu il Azərbaycanda turizm sənayesinin inkişafı üçün xüsusilə əlamətdar olmuşdur. Hələ 2001-ci ildə ümummilli lider Heydər Əliyev ölkəmizin turizm potensialının iqtisadi-sosial inkişafdakı rolunu düzgün dəyərləndirərək bu sahədə əhəmiyyətli qərarlar vermişdir. Ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilmişdir. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamınız bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. İnanırıq ki, bu sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcəkdir. Sizin IX Beynəlxalq Turizm Sərgisi və I Ümumrespublika Daxili Turizm Sərgisində iştirakınız, sahənin inkişafı ilə dərindən maraqlanmağınız, dəyərli tövsiyələriniz bu sahədə mövcud olan bütün qüvvələri səfərbərliyə almış, ölkənin iqtisadi qüdrətinin artmasında müstəsna imkanlara malik olan turizmin tərəqqisi yolunda geniş üfüqlər açmışdır.
   Sizin tapşırığınız və şəxsən rəhbərliyiniz altında yaradılan turizm incilərindən biri - Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Hazırda burada işlərin birinci fazası 50 faizə qədər icra olunmuş, gündə 10 min turistə xidmət imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilmişdir. Layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulmuşdur.
   Turizmin inkişafına yönəlmiş çoxsaylı tədbirlər sırasında Bakı şəhərində məşhur özəl şirkətlər tərəfindən inşa olunan mehmanxana kompleksləri, Qəbələdə inkişafda olan turizm potensialı da diqqəti cəlb edir. Beynəlxalq standartlara uyğun mehmanxana şəbəkəsinin inkişafı bu sahədə çalışan kadrların hazırlanması zərurətini meydana çıxarır.
   Cənab prezident, Sizin 2006-cı il 25 avqust tarixli fərmanınıza əsasən yaradılmış Azərbaycan Turizm İnstitutunun 2010-cu ilin mayında ilk buraxılışı olmuşdur.
   2010-cu ildə nazirlik respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən mühüm beynəlxalq turizm sərgilərinə qatılmışdır. Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında - CNN, “Euronews”, “Travel Channel”, BBC, CNBC, “National Geographic”də reklam çarxları yayımlanır. Doqquz dildə müxtəlif nəşr, poliqrafiya məhsulları buraxılır.
   Sizin tərəfinizdən aparılan uğurlu beynəlxalq siyasət müasir dünyada Azərbaycanın mövqelərini möhkəmləndirmişdir. Bu, təbii olaraq milli mədəniyyətimizin dünyada tanıdılmasına böyük imkanlar yaradır. Xalqımıza məxsus aşıq-ozan sənəti, muğam və xanəndəlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu o deməkdir ki, artıq saz və muğam sənəti milli çərçivələri aşaraq ümumdünya dəyəri qazanmışdır. 2010-cu ildə Azərbaycan Respublikası UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilmişdir. Keniyada keçirilən sessiyada Azərbaycan xalçaçılıq sənətinin də Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərara alınmışdır. Bu qərar xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu qələbənin qazanılmasında da Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əsl fədakarlıq göstərmişdir.
   Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ildə qarşıda duran vəzifələrindən də danışıb.
   
   * * *
   Müzakirələrə yekun vuran dövlət başçısı 2011-ci ilin əsas prioritetlərini nəzərə çatdırıb. Prezident son illərdə xüsusilə turizm sahəsində əldə olunan uğurları, bu sahədə cari ildə gözlənilən mühüm hadisələri qeyd edərək 2011-ci ili Azərbaycanda “Turizm ili” elan edib:
   - 2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə hotelçiliklə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividentlər gətirəcəkdir. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir.
   Bununla bərabər, burada deyildiyi kimi, “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır. Bu da sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.
   Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək.
   2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaqdır. Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik, fəal işləməliyik ki, ölkəmizi daha da gücləndirək, Azərbaycanı inamla irəliyə aparaq”. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar