İlkin qiyməti 200 min funt-sterlinqdir

 

Fransa imperatoru və sərkərdəsi Napoleon Bonaparta aid papaq sentyabrın 27-də Londonda keçiriləcək hərraca çıxarılacaq. Satışa çıxarılmazdan öncə tarixi əşya imperatorun Parisdəki ev-muzeyi – “Bonhams”da sərgilənəcək.

Hazırkı sahibi – “Bonhams Europe”nin direktoru Simon Kotl imperatora aid rəsm əsərlərində mütəmadi təsvir olunan papağı illər öncə kiçik bir alman muzeyində keçirilən hərracda əldə etdiyini bildirib.

Onun sözlərinə görə, papağın Napoleon Bonaparta aid olduğunu bilmirmiş. Bir neçə müddət sonra papağı gözdən keçirdikdən sonra onun üzərində Napoleona aid ola biləcək yazıları və digər özəllikləri görüb. Papaq imperatorun digər papaqlarının ölçüsünə və yaşına uyğun gəlib. Bundan sonra əşyanın Napoleona məxsusluğundan şübhələnən muzey direktoru onun üzərində daha ciddi araşdırmaya qərar verib.

Elektron mikroskop da daxil olmaqla, müxtəlif üsullardan istifadə etməklə əşya üzərində geniş tədqiqat aparılıb. Papağın içərisindən tapılan beş ədəd saç telindən ikisi DNT testindən keçirilib. Alınan nəticələr Napoleonun genetik kodlarıyla üst-üstə düşəndən sonra papağın imperatora məxsus olması iddiaları qətiləşib.

Öncə 150-200 min funt-sterlinq qiymət qoyulan papağın dəyərinin bundan sonra dəfələrlə artacağı şübhə doğurmur. Çünki indiyə qədər Napoleona aid əşyalar hərraclarda milyonlarla dollara satılıb.

Bu papağın indiyə qədər satılanlardan başqa bir özəlliyi var. Belə ki, imperatorun nəslindən olan şəxslər əvvəllər hərraca çıxarılan papaqların guya müharibələr vaxtı döyüş meydanlarındakı əsgərlərin gətirdiklərini iddia edirdilərsə, sözügedən baş geyimi Napoleonun saçı tapılan yeganə papaqdır.

CAVİD