Qazaxıstan, Özbəkistan və Qırğızıstandan ictimai fəallar və media nümayəndələri ölkəmizə səfər çərçivəsində Xaçmaz və Quba rayonlarında olublar.
Qonaqlar əvvəlcə Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Daha sonra Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında “Şəxsiyyətlər muzeyi” ilə tanışlıq olub. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında məlumat verilib.
İctimai fəallar və media nümayəndələri 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
Daha sonra Quba rayonuna gələn qonaqlar əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni quldur dəstələrinin ölkəmizin müxtəlif yerlərində, o cümlədən Qubada törətdikləri kütləvi qırğınlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci ildə ərazidə torpaq işləri görülərkən aşkarlanıb.
Orta Asiya ölkələrindən olan ictimai fəallar və media nümayəndələri Azərbaycan-Türkiyə Qardaşlıq parkı və dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbə ilə də tanış olublar.