Finlandiyanın TV5 kanalında ölkəmizin turizm imkanlarına həsr olunmuş veriliş nümayiş olunub
   
   Yanvarın 20-dən 23-dək Finlandiyanın paytaxtı Helsinkidə keçirilən “MATKA 2011” Beynəlxalq Turizm Sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizmin marketinq və təbliğatı sektorunun məsləhətçisi Cəlil Məlikov təmsil edib. 
   
   Onun sözlərinə görə, Helsinki şəhərindəki “Mesukeskus” sərgi kompleksində təşkil olunmuş sərgidə dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 1200-dən çox hökumət nümayəndələri və özəl şirkətlər iştirak ediblər: «Bu, Skandinaviya ölkələrində keçirilən ən böyük turizm sərgisi hesab olunur. Bu il sərgini ziyarət edən 84 min nəfərin arasında 13 min nəfər turizm sahəsi üzrə peşəkar təmsilçi vardı».
   C.Məlikovun dediyinə görə, Azərbaycanın lövhəsini ziyarət edən yerli və xarici turizm şirkətlərinə ölkəmiz haqqında geniş məlumat verilib, onlara respublikanın turizm potensialını təbliğ edən ingilis dilində müxtəlif reklam-çap məhsulları təqdim edilib. Eyni zamanda sərgi zamanı Azərbaycanın turizm potensialını əks etdirən film və reklam çarxları da nümayiş etdirilib. Ümumiyyətlə isə Azərbaycan lövhəsi ziyarətçilərdə böyük maraq doğurub. Turizm şirkətləri Azərbaycana turist qruplarının gətirilməsində maraqlı olduqlarını bildiriblər.
   Sərgidə ölkəmizi təmsil edən Azərbaycan Turizm Assosiasiyasının, “Xəzər Travel”, “İntour” və “Geo Travel” turizm şirkətlərinin nümayəndələri Finlandiyanın və digər xarici ölkələrin turizm şirkətləri ilə turist mübadiləsinə dair danışıqlar aparıblar.
   Nazirlik təmsilçisi bildirdi ki, sərginin açılış günü Finlandiyanın TV5 kanalının səhər proqramında Azərbaycana həsr olunmuş veriliş efirə verilib: “Verilişdə Helsinkidə Turizm İnstitutunda təhsil alan azərbaycanlı tələbə fin dilində ölkəmiz haqqında məlumat verdi. Azərbaycanın turizm potensialı, 2011-ci ilin ölkəmizdə «Turizm ili» elan olunduğu, bu il ərzində keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər, açılışı nəzərdə tutulan dünyada tanınmış brend mehmanxanalar haqqında ətraflı məlumatlar yer aldı. Həmin məlumatlar Azərbaycanın görməli yerlərinin fotoşəkilləri ilə müşayiət olundu. Onu da qeyd edim ki, veriliş böyük əks-sədaya səbəb olmuşdu. Çünki sonradan lövhəmizə yaxınlaşan insanların əksəriyyəti haqqımızda veriliş vasitəsilə məlumat aldıqlarını deyirdilər”.
   Bundan əlavə, C.Məlikov Finlandiyanın rusdilli əhalisi üçün nəzərdə tutulan “Sputnik” radiosunda da geniş müsahibə ilə çıxış edərək Azərbaycan haqqında ətraflı məlumat verib və Helsinkidə keçirilən “MATKA” sərgisində ilk dəfə iştirak edən ölkənin təmsilçisi kimi təəssüratlarını bölüşüb. Həmçinin Finlandiyada dərc olunan “Helsinki Sanomat” və “Ilta Sanomat” qəzetlərində Azərbaycanın turizm potensialı haqqında geniş məqalələr dərc olunub, Helsinki şəhərinin mərkəzi “Pasilan” kitabxanasına, Espoo şəhərinin mərkəzi “Entressen” kitabxanasına Azərbaycanın turizm imkanlarını əks etdirən 17 adda kitab təqdim edilib.
   C.Məlikovun sözlərinə görə, ümumilikdə “MATKA-2011” Beynəlxalq Turizm Sərgisinda Azərbaycan turizminin təmsil olunması Skandinaviya ölkələrindən olan turistlərin ölkəmizə marağının artmasına və daha çox səyahətlər etməsinə səbəb olacaq.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar