Müasir yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri yazıçı Haruki Murakamidir. O, 1949-cu il yanvarın 12-də Kioto şəhərində dünyaya gəlib. Atası bütpərəst keşiş, anası ədəbiyyat müəlliməsi olan Haruki erkən yaşlarından ədəbiyyatla maraqlanıb. Tokionun Vaseda Universitetinin ədəbiyyat fakültəsində təhsil alarkən ilk əsərlərini qələmə alıb. Gənc yazıçı bu dövrdə Qərb ədiblərindən Kurt Vonequt, Frans Kafka, yapon yazarlarından Kenzaburo Oe, Yasunari Kavabata və başqalarının yaradıcılığına daha çox meyl göstərib. 
      
   Taleyin yollarında nicat ümidi ilə yaşayan Murakami əsərlərinin qəhrəmanları sanki daimi axtarışdadırlar. Fəlsəfi-psixoloji əsərlər müəllifi kimi tanınan Murakaminin hekayə və romanları Avropa, Amerika və Asiyada sevə-sevə oxunur. Yazıçının əsərləri Azərbaycan oxucularına da tanışdır.
   Dünyanın ən populyar yazıçıları sırasında yer alan Murakami ilk mükafatını “Qunzo” jurnalından alıb, sonralar bir çox mükafatlarla təltif olunub.
   Bəzi tənqidçilər bu populyarlığı Murakaminin yeni dövrün yazıçısı olması ilə əlaqələndirirlər. Yazıçının 1985-ci ildə işıq üzü görmüş "Pinbol-1973" adlı əsəri onun adını müasir ədəbiyyat tarixinə yazıb. Murakami elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarmağı bacaran yazıçıdır. Maraqlıdır ki, yazıçı "Pinbol-1973" əsərini beysbol matçını izləyərkən yazmağa qərar verib. Kiçikhəcmli "Toni Takitani" əsərini isə yazıçı həyat yoldaşı ilə Havay adalarını səyahət edərkən bir dollara aldığı, üstündə böyük "Tony" yazısı olan sevimli köynəyi və II Dünya müharibəsi dövründə yaşamış musiqiçi Şizaburo Takitaninin həyat yolundan ilhamlanaraq yazıb. İlk baxışdan uyğunsuzluq təşkil edən iki məfhum, digər tərəfdən isə ərsəyə gəlmiş gözəl əsər.
   Haruki Murakaminin bir çox əsərlərində sürrealist ideyaların hökm sürdüyü aydın görünür. Bir çox müsahibələrində yazıçı bildirir ki, hətta bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla bitməsinə qərar verə bilmir. Yazıçının fikrinə görə, hər kəs onun əsərlərində reallığı istədiyi, gördüyü formada tapa bilər. Murakami qeyd edir ki, bir çox hallarda yazmağa başlayarkən əsərin mövzusunu belə əvvəlcədən qərarlaşdırmır və ya bir mövzuda yazarkən qələmi onu tamamən başqa istiqamətə yönəldir.
   "Norveç meşəsi" əsərində yazıçının həyat yolu, xüsusilə də tələbəlik dövrü təsvir olunur. Həmin dövrdə onun keçirdiyi hisslər, yaşadığı haqsızlıqlar, cəmiyyətin əyər-əskiklikləri əsərdə əksini tapıb.
   Murakaminin əsərlərini oxuyarkən oxucu müasir və klassik musiqi, incəsənət növləri, tarix, fəlsəfə, coğrafiya və digər sahələrdə biliklərini, dünyagörüşünü genişləndirmiş olur. "Kafka sahildə" əsərində Murakaminin boyük musiqi vurğunu olması aydın görünür. Yazıçı əsərlərində psixologiya, fəlsəfə, detektiv, elmi-fantastika kimi janrların sintezini yaratmaqla kütləvi oxucunun rəğbətini qazanıb. 2009-cu ildə psixoloji janrda yazdığı “1Q-84” romanının ilkin versiyasının çapdan çıxması ilə satılması cəmi bir gün çəkib.
   Əsasən sıravi insanların həyatından bəhs edən yazıçı xəyalla gerçəkliyin cizgisini əsərlərində dolğun əks etdirmədiyinə görə bir çox hallarda şərhçilərin qınağına tuş gəlir. Murakami isə bu yanaşmasını insan təfəkkürünün rəngarəngliyinin, müxtəlifliyinin və fövqəladəliyinin əsərlərdə təzahürü kimi izah edir.
   Gözəllik vurğunu olan Murakami əsərlərində tarixi faktlardan, həyatda olmuş hadisələrdən və s. istifadə edərək oxucuda sanki “dejavyu” hissini oyatmaqla, romanlarını daha həyəcanlı, maraqlı etməyi bacarıb.
   Hazırda Murakami ABŞ-ın bir çox mötəbər universitetlərində mühazirələrlə çıxış edir. Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub. Bununla belə, o heç vaxt şöhrət arzusunda olmadığını bildirir. Müsahibələrinin birində jurnalistin "Ən böyük nailiyyətiniz nədir" sualına qısa olaraq "Mənim sevimli pişiyim, sadiq qadınım və gözəl əsərlər yaratmaq qabiliyyətim var" deyə cavab verib.
   
   Hazırladı: Çingiz