Sentyabrın 13-dən 21-dək Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində “Mədəni İrs Həftəsi” keçirilib. Həftə çərçivəsində Qaraqalpaq Muxtar Respublikasının mərkəzi olan Nukus şəhərində II Beynəlxalq Baxşı (Aşıq) Festivalı keçirilib.
UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda bir sıra ölkələrdən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak ediblər. Festivala ümumilikdə 260-dan çox sənət adamı qatılıb.
Festivalda ölkəmizi Azərbaycan Milli Konservatoriyasının müəllimi, saz ustası Mübariz Əliyev təmsil edib. O, aşıq mahnıları və “Aşıq Qərib” dastanından hissələr ifa edib.
Xatırladaq ki, birinci festival 2019-cu ildə Qaşqadərya vilayətinin Termez şəhərində keçirilmişdi.
“Mədəni İrs Həftəsi” çərçivəsində Nukus şəhərində UNESCO-nun himayəsi ilə “Arxeologiya və turizm: potensialın müəyyənləşdirilməsi və milli irsin idarə olunması” mövzusunda beynəlxalq konfrans da təşkil olunub.
Konfransda ölkəmizi AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev, institutun şöbə müdiri, professor Fərda Əsədov, Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva təmsil edib.
Şahin Mustafayev “Mərkəzi Asiya və Azərbaycanın ortaq geomədəni rəmzi olaraq İpək Yolu”, Fərda Əsədov isə “Tarixçilər və arxeologiya: qarşılıqlı münasibətlər” mövzularında məruzələr ediblər. Konfransın bölmələr üzrə keçirilən iclaslarından birinə Şahin Mustafayev moderatorluq edib.