AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Ağcabədi rayonunun Kəhrizli kəndində görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı və tale ortağı Həmidə Məmmədquluzadənin Ev-Muzeyində olub, muzeyin kollektivi və kənd sakinləri ilə görüşüb.
Ev-muzeyi tanınmış ziyalı xanım Həmidə Məmmədquluzadənin mənsub olduğu ocağa – Cavanşirlər nəslinə məxsus tarixi binada yerləşir. Bina Həmidə xanımın vəfatından sonra əvvəlcə orta məktəb, sonra musiqi məktəbi kimi fəaliyyət göstərib, 2005-ci ildən Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusunda Həmidə Məmmədquluzadənin Ev-Muzeyinə çevrilib. Direktor Zeynəb Quliyeva qonağa ev-muzeyinin fondu və ekspozisiyası barədə məlumat verib.
Muzeydə Həmidə xanımın atası, dövrünün tanınmış tarixi şəxslərindən olan Əhməd bəy Cavanşirin (1828-1903) tərcümeyi-hal sənədləri, nadir fotoları nümayiş etdirilir, əlyazmaları qorunub saxlanılır. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına, ailə üzvlərinə dair kitablar, fotolar, məktublar, xatirə əşyaları eksponatlar sırasında xüsusi yer tutur.
Muzeydə Həmidə xanım Məmmədquluzadənin xatirə əşyaları, zövqlə toxunmuş əl işləri, şəkillər, məktublar nümayiş etdirilir. Burada həmçinin Kəhrizli kəndinin tarixinə dair materiallar var.
İsa Həbibbəyli muzeyin əməkdaşları, rayonun mədəniyyət işçiləri və kənd camaatı qarşısında Cəlil Məmmədquluzadə və Həmidə xanım Məmmədquluzadənin münasibətləri, onların övladları, nəslin davamının sonrakı taleyi ilə əlaqədar çıxış edib, suallara cavab verib.
Sonra akademik Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla birlikdə muzeydəki xatirə otaqları və eksponatlarla tanış olub, bəzi tövsiyələrini və arzularını bildirib, muzeyin rəy kitabına təəssürat və ürək sözlərini yazıb. Alim son illərdə Cəlil Məmmədquluzadə və müasirləri haqqında çap olunmuş kitabları ev-muzeyinə hədiyyə edib.
Sonra akademik İsa Həbibbəyli regional idarənin rəisi Qalib Həsənov və Kəhrizli kənd bələdiyyəsinin sədri Rayis Məhərrəmov ilə birlikdə Kəhrizli qəbiristanlığına gedərək Əhməd bəy Cavanşirin, Cəlil Məmmədquluzadənin qardaşı, Səttarxan və Xiyabani hərəkatının fəal iştirakçısı Ələkbər Məmmədquluzadənin (1872-1922) və digər şəxslərin məzarlarını ziyarət ediblər.