Azərbaycan
22 sentyabr 1909 – İlk azərbaycanlı kinorejissorlardan Səməd Həşim oğlu Mərdanov (1909 – 6.8.1939) anadan olub. 1939-cu ildə “Kəndlilər” bədii filmini çəkib. Tanınmış aktyor Mustafa Mərdanovun qardaşıdır.
22 sentyabr 1924 – Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseyn oğlu Hüseynov (1924–2017) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.
22 sentyabr 1929 – Publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929–2005) anadan olub. Türkiyədə M.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyinə 1955-ci ildən rəhbərlik edib, dərnəyin “Azərbaycan” jurnalının redaktoru olub.
22 sentyabr 1929 – Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 – 30.11.1997) anadan olub.
22 sentyabr 1938 – Əməkdar incəsənət xadimi, tarzən-pedaqoq Oqtay Süleyman oğlu Quliyev (1938 – 6.4.2021) Ağdamda doğulub. Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru olub.
22 sentyabr 1964 – Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (1876-1964) vəfat edib. “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.
23 sentyabr 1928 – Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 – 16.12.2011) Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti (1951–1988) olub. Əsas partiyaları: Nigar (“Koroğlu” – Ü.Hacıbəyli), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl” – M.Maqomayev), Sevil (“Sevil” – F.Əmirov) və s.
23 sentyabr 1929 – Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929 - 4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında doğulub. Azərbaycan Pedaqoji Universitetinin professoru, mixi yazılar üzrə mütəxəssis olub.
23 sentyabr 1957 – Əməkdar artist, qarmon ifaçısı Etibar İsmayıl oğlu Qasımbəyli (1957 – 27.10.2020) Bakıda doğulub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, Azərbaycan Dövlət Konsert Birliyinin musiqi rəhbəri olub.
23 sentyabr 1969 – Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 – 20.1.1990) doğulub. 20 Yanvar qırğınında şəhid olub.
23 sentyabr 1970 – Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910 – 1970) vəfat edib. “Toy”, “Nişanlı qız”, “Əliqulu evlənir” və s. pyeslərin, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.
23 sentyabr 2014 – Yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə qızı Babayeva (12.8.1921 – 2014) vəfat edib. “Haradasan, dost, harada”, “Adamlar və talelər”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir.
23 sentyabr 2015 – Şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (24.12.1939 – 2015) vəfat edib.
24 sentyabr 1977 – Tanınmış şair, Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə; 20.10.1913 – 1977) vəfat edib. Ədəbi nəşrlərdə müxtəlif vəzifələrdə çalışıb. Rus dilindən ədəbi tərcümələr edib.
Dünya
22 sentyabr 1694 – İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield; 1694-1773) anadan olub.
22 sentyabr 1875 – Rəssam, bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus Çurlonis (Mikalojus Konstantinas Ciurlionis; 1875–1911) anadan olub.
22 sentyabr 1938 – Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed; 1938–1986) anadan olub.
23 sentyabr 1901 – Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert; 1901–1986) anadan olub.
23 sentyabr 1913 – Gürcü bəstəkarı, SSRİ Xalq artisti Aleksey Davidoviç Maçavariani (1913–1995) anadan olub. “Pələng dərisi geymiş pəhləvan”, “Otello” baletlərinin müəllifidir.
23 sentyabr 1930 – Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930 – 10.6.2004) anadan olub.
23 sentyabr 1938 – Alman aktrisası Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938–1982) Vyanada doğulub. Filmləri: “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng” və s.
24 sentyabr 1896 – Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald; 1896 – 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.
Hazırladı: Vüqar ORXAN