Təxminən dörd ildən sonra Aya uçacaq “Soyuz” gəmisinə ilk turist yollayışı naməlum şəxsə satılıb. Aya ilk turist səyahəti 2015-ci ildə nəzərdə tutulub. Səyahətin operatoru Space Adventures beynəlxalq şirkətidir. Bu şirkət indiyədək Rusiya və Amerikanın birgə layihəsi olan Beynəlxalq Kosmik Stansiyaya (BKS) yeddi adam göndərib. Onlardan biri - Çarlz Simoni iki dəfə uçub. Kosmosa ilk səyyah isə 2001-ci ildə amerikalı milyarder Dennis Tito olmuşdu. Onun ardınca CAR-dan olan biznesmen Mark Şattlvort kosmosa uçub. Sonrakı turistlər yenə də amerikalılar olub. BKS-ya uçan sonuncu kosmik turist kanadalı Gi Lalibertedir (2009-cu il).
   Aya səyahətin turoperatoru Rusiyanın “Soyuz” gəmilərini hazırlayan “Energiya” Raket-Kosmik Korporasiyasıdır. Moskva vilayətində yerləşən bu korporasiya iki variantda Aya tur təklif edir. Birinci variant Ay orbitinə uçub, dövrə vurduqdan sonra Yerə qayıtmağı nəzərdə tutur. Səyahət müddəti 9 gündür. İkinci variant isə bir müddət BKS-də yaşamağı, sonra Aya uçmağı nəzərdə tutur. Bu macəra isə üç həftə çəkir. Naməlum alıcının hansı variantı seçdiyi barədə məlumat verilmir. Əvəzində yollayışın qiyməti açıqlanıb - 150 milyon dollar.

Fəxriyyə Abdullayeva