Ukraynanın Lvov şəhərində ənənəvi mədəniyyət festivalı – 28-ci Beynəlxalq Kitab Forumu (BookForum) keçirilib. Forum bu il Ukrayna Mədəniyyət Fondu, Lvov Şəhər Şurası və Lvov Vilayəti Dövlət Administrasiyasının dəstəyi ilə təşkil olunub.

BookForum çərçivəsində Azərbaycan ədəbiyyatına həsr olunan iki tədbir də keçirilib. Tədbirlərin kuratoru Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Ukraynadakı layihələrinin məsul katibi Marina Qonçaruk olub.

Birinci tədbir “Ukrayna-Azərbaycan ədəbi prosesi və onun inkişafında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rolu” mövzusuna, ikincisi isə Dövlət Tərcümə Mərkəzinin bu il Ukraynada həyata keçirilən layihələrinin – dahi mütəfəkkir Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının nəşrinə və istedadlı şairə Leyla Əliyevanın “Світ тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabının təqdimatına həsr olunub.

Birinci tədbir çərçivəsində qonaqlara müasir Ukrayna-Azərbaycan ədəbi prosesi, iki ölkə ədəbiyyatının tərcüməçiləri, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Ukraynadakı fəaliyyəti barədə məlumat verilib.

Marina Qonçaruk tədbirin təşkilinə kömək göstərən Lvov Beynəlxalq Kitab Forumunun komandasına, xüsusilə proqram direktoru Sofiya Çelyaka minnətdarlığını bildirərək deyib: “Azərbaycan Dövlət Tərcümə Mərkəzi bu forumda ilk dəfə iştirak edir. Çox mühüm haldır ki, Mərkəzin layihələri təkcə Kiyevdə deyil, eləcə də Ukraynanın iri mədəniyyət və ədəbiyyat festivallarında təqdim olunur. Bu isə Ukraynada geniş oxucu auditoriyasının Azərbaycan ədəbiyyatı ilə tanış olmasına şərait yaradır”.