21-26 sentyabr tarixində İstanbul Atatürk Hava Limanında növbəti TEKNOFEST – Aerokosmik və Texnologiya Festivalı keçirilir.
Türkiyə Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə layihəsi olan TEKNOFEST 2018-ci ildən etibarən təşkil edilir. Festivalın məqsədi Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Bu il TEKNOFEST-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə yaradılan milli pavilyonumuzda 11 Azərbaycan startapı da nümayiş etdirilir. Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri əhatə edir.
Açılış mərasimində çıxış edən TEKNOFEST-in İdarə Heyətinin sədri Selçuk Bayraktar “TEKNOFEST yorulmadan əzmlə çalışan millətimizin əsl ruhudur. Geridə qalan illərdə TEKNOFEST üçün yola çıxarkən “bir xəyalımız var” deyirdik. Bu gün xəyallarımız gerçəkləşməyə, cücərməyə başlayıb. Dünyanın sürətlə dəyişdiyi bu dönəmdə transformasiyanın və inkişafın ən böyük mənbəyinin texnologiya olduğunu görürük”, - deyə bildirib.
Bu gün yüksək texnologiya yaradan Türkiyə xəyalını yarışmalara qatılan 200 mindən çox gənc və bütün millətlə paylaşdıqlarını vurğulayan Bayraktar deyib: “Dəyərli gənc qardaşlarım, mühəndis bir yol yoldaşınız olaraq sizlərə tövsiyəm odur ki, önünüzə çıxan maneələr sizi əsla qorxutmasın... Bu gün dünyadakı mühüm media qurumları türk sahibkarların qazandığı nailiyyətlərdən danışır. Uğurlu iş adamlarımız aldıqları sərmayələrlə böyük imkanlar əldə edirlər. Çox deyil, təxminən 20 il əvvəl qarajlarda sizlər kimi gənclərin qurduğu şirkətlər dünyanın ən güclü beynəlxalq şirkətlərinə çevrilib”, - deyə bildirib.
Bayraktar gənclərə tövsiyə edib ki, gələcəyin trendlərinə yönlənmək üçün çox çalışmaq lazımdır. Əzmlə çalışmaqla texnologiya sahəsində dünyanın ən yaxşısı ola bilərik.