Dünya şöhrətli ispan rəssamı Pablo Pikassonun qızı Maya Pikasso atasının 9 əsərini Fransa hökumətinə bağışlayıb. Bu barədə Fransanın mədəniyyət naziri Rozlin Başlo-Narken açıqlama verib.
Söhbət altı rəsm əsərindən, şəkilli albomdan, heykəl və etnoqrafik sənət əsərindən gedir. Mətbuat konfransında jurnalistlərə yalnız bir əsər – kubizm üslubunda hazırlanmış “Oturacaqda şirniquş yeyən uşaq” (1938) göstərilib. Əsərlərdən biri Pikassonun 14 yaşında (1895) çəkdiyi əl işidir. Bu, rəssamın atası Don Xose Ruisonun portretidir.
Əsərlərin rəsmi bağışlanma mərasimi sentyabrın 21-də Parisdəki Pikasso Milli Muzeyində keçirilib. Onların geniş ictimaiyyətə təqdimatı isə 2022-ci ilin aprelində olacaq.
Lakin bu ianə-bəxşişin motivləri də maraq doğurur. “Le Figaro” qəzeti yazır ki, Pikassonun qızı atasının əsərlərinin bir qismini Parisdəki muzeyə verməklə, ona qalmış mirasla bağlı vergi yükünü azaltmaq istəyir.
CAVİD