Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Gürcüstanın Giorgi Eristavi adına Dövlət Peşəkar Dram Teatrı arasında yaradıcılıq əlaqələrinə dair memorandum imzalanıb.

Sənədi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri David Çxartişvili imzalayıblar.

Əliqismət Lalayev iki ilə yaxın davam edən pandemiyanın gətirdiyi problemlərə rəğmən Akademik Musiqili Teatrın kollektivinin gələcək planlar üzərində düşündüyünü diqqətə çatdıraraq, imzalanan memorandumun bu baxımdan əhəmiyyətini vurğulayıb.

“Azərbaycan və Gürcüstan teatrları arasında memorandumun imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə möhkəmlənməsinə sübutdur. Əminəm ki, bu sənəd yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yaradıcılıq əlaqələrinin daha da genişlənməsini, qarşılıqlı qastrol səfərlərinin təşkilini, rejissor, rəssam mübadiləsini və s. nəzərdə tutan sənəd iki dost ölkənin teatr sənətçilərini bir-birinə və beynəlxalq teatr aləminə daha da yaxınlaşdıracaq”, - deyə o bildirib.