XIX əsrin ikinci yarısında Bakı neft sənayesinin inkişafı ilə bağlı yeni bir mərhələyə qədəm qoyur. Dünyanın bir çox ölkələrindən Bakıya qazanc dalınca iş adamları ilə bərabər, mühəndis və memarlar da gəlir. Həmin vaxt Bakıya gələn memarlardan biri polyak əsilli İosif Ploşko olub.
İosif Kasperoviç Ploşko 1867-ci ildə Polşanın Varşava şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Rusiyaya gəlir. Sənədlərini İmperator Bədaye Akademiyasına verir. Bir il burada oxuyur. Ancaq akademiyanın proqramı onu təmin etmədiyi üçün təhsilini yarımçıq qoyur. Sonra Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna qəbul olunur. 1895-ci ildə təhsilini başa vurub Kiyev şəhərində ixtisası üzrə iki il işləyir.
1897-ci ildə Bakıya gələn İ.Ploşko Şəhər İdarəsinin Tikinti şöbəsində sahə memarı kimi işə başlayır. Bir müddət sonra şəhər memarı vəzifəsinə irəli çəkilir. Şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olur. Yerli tikinti materiallarını, xüsusilə də yüksək keyfiyyəti ilə seçilən əhəngdaşını öyrənir və inşaatda ondan məharətlə istifadə edir.
Araşdırmalarda qeyd olunur ki, gənc memar Şirvanşahlar sarayı ansamblına böyük maraq göstərir. Onun Bakı şəhərində memar kimi müəllifi olduğu çoxsaylı tikililər var. Tanınmış yerli milyonçular onun sifarişçiləri olublar. Xüsusilə, Avropa klassikası, yüksək səviyyəli Venesiya və fransız qotikası onun layihələndirdiyi binalarda üstünlük təşkil edib. Sifarişçiləri arasında milyonçu Ağamusa Nağıyev xüsusilə seçilib. Digər polyak memarı İ.Qoslavski Hacı Zeynalabdin Tağıyevlə əməkdaşlıq etdiyi kimi, İ.Ploşko da daha çox A.Nağıyevlə işləyib. Bundan əlavə, onun sifarişçiləri arasında Bakı milyonçularından Murtuza Muxtarov, Nuru Əmiraslanov, polyak mənşəli Rılskilər ailəsi və başqaları da olub.
Əməkdar memar Nəriman Əliyev araşdırmasında qeyd edir ki, İ.Ploşkonun layihələndirdiyi tikililər Bakı şəhərinin memarlıq-planlaşdırma quruluşunda əhəmiyyətli yer tutur. Monumental səciyyəli ilk işi olan “İsmailiyyə” onu şəhərin memarlıq mühitində birinci sıraya çıxarıb. Bundan əvvəl binanın yerində İ.Qoslavskinin layihəsi üzrə bazar tikmək istəsələr də, bu layihədən imtina olunur və sahə on il boş qalır. Sonra məscid tikmək qərara alınır. Bakı qubernatoru şəhərin mərkəzində məscid tikməyə icazə vermir. 1907-ci ildə A.Nağıyev ərazini alır və vəfat etmiş oğlunun xatirəsinə “İsmailiyyə” binasının inşasını İ.Ploşkoya tapşırır. Nəticədə Venesiya qotikası üslubunda tikilən bina paytaxtımızın memarlıq ansamblında öz yerini qoruyub saxlayır.
Görkəmli memar 1910-cu ildə A.Nağıyevin Torqovı küçəsindəki (indiki Nizami, 93) evini də layihələndirir. Bu bina da şəhər tikintisinin miqyasını və küçənin memarlıq həllinin xarakterini çox yerində müəyyənləşdirir. Araşdırmalarda qeyd edilir ki, milyonçu M.Muxtarov milliyyəti osetin olan həyat yoldaşının arzusunu yerinə yetirmək üçün Vladiqafqaz şəhərində məscid tikdirmək istəyir. Bu işi İ.Ploşkoya tapşırır. Ona mərkəzi günbəzli və iki hündür minarəli, planda kvadrat formalı bir məscid layihəsi təqdim edilir. Səkkizüzlü minarəsi olan məscidin tikintisi 1908-ci ildə başa çatır.
Polyak memar Bakıda xeyli sayda qotika və modern üslubda evlər tikib. Sonra yerli memarlıq mövzusuna müraciət etmək qərarına gəlir. Rılski qardaşları Bakıda yerli milli memarlığa uyğun dördmərtəbəli bina tikdirmək istəyirlər. Bu işlə bağlı İ.Ploşkoya sifariş verilir. O, Politseyski (Y.Məmmədəliyev, 11) küçəsində tikiləcək maraqlı memarlıq kompozisiyasına malik bir fasad hazırlayır. Rılski qardaşlarının bu evi o zaman memarlıq-planlaşma və həcm-məkan həllinə görə koloritli binalardan sayılıb.
İ.Ploşkonun son və maraqlı işlərindən biri də A.Nağıyevin sifarişi ilə Qorçakovski (H.Z.Tağıyev, 13) küçəsindəki altımərtəbəli “Yeni Avropa” mehmanxanasının inşası olur. Mehmanxananın dörd lifti, sanitar-texniki ləvazimatı, buxarla işləyən isitmə sistemi, gizli elektrik şəbəkəsi və s. olub. Binanın yastı damörtüyünün üstündə restoran da qurulub...
İ.Ploşko paytaxtımızda mühəndis-memar kimi 30 ilə yaxın fəaliyyət göstərib. O, 1925-ci ildə Bakıdan ayrılır. Əvvəlcə Varşavaya, daha sonra isə Fransaya gedir. Bir müddət sonra yenidən Polşaya qayıdır və 1931-ci ildə vəfat edir.
Savalan FƏRƏCOV