Pandemiyanın pərdələrini bağlayıb, işıqlarını söndürdüyü teatr salonlarından biri də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı idi. İlyarımdan çox idi ki, sənətsevərlər bu teatrın səhnəsindən sevimli opera və balet nümunələrini izləyib zövq almaq imkanından məhrum olmuşdular.

Nəhayət, gözlədiyimiz sənət bayramı, Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar bu qocaman sənət ocağının da əzəmətli salonuna toplaşmaq, milli opera sənətimizin ilkini – Üzeyir bəyin “Leyli və Məcnun”unu bir daha seyr etmək imkanı qazandılar.

113 il əvvəl səhnəyə qoyulan və bu günə qədər neçə-neçə muğam ifaçısına, xanəndəyə, səs sənətçisinə populyarlıq gətirən, tamaşaçıların sevimlisinə çevrilən opera həm də muğam ifaçılarının özünütəsdiq vasitəsidir. Təsadüfi deyil ki, məhz bu operada ifası, oyun üslubu, opera kimi ağır musiqi janrını təqdim və ifadə imkanları ilə seçilməyi bacaranlar sənətdə öz izlərini qoya bilirlər. Saysız ifaçının sənət, səhnə aşiqinə, məcnununa çevrildiyi əbədiyaşar eşq nəğməsini bu dəfə fərqli ifalarda dinlədik...

Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı Leyli, Əməkdar artist Elnur Zeynalov isə Məcnun kimi tamaşaçı qarşısına çıxdılar. Füzuli poeziyasını, Üzeyir musiqisini öz səs imkanlarında səsləndirməyə, təsvir etməyə çalışdılar. Təbii ki, operanın janr olaraq mürəkkəbliyini, ifaçıdan həm səs, həm oyun texnikası, həm də anlaşıqlı mətn və melodiyada harmonik təqdimat istədiyini nəzərə alsaq, aylarla sürən fasilədən sonra səhnəyə çıxmış ifaçılar əllərindən gələni etməyə çalışdılar.

Bu mənada Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası) və Cahangir Qurbanovun (Nofəl) səs və oyun texnikası daha qulağayatımlı və daha sərbəst alınmışdı. Onu da qeyd edək ki, bu, T.Bayramovun Məcnunun atası rolunda ilk ifası idi.

Digər partiyaları Nurlan Namazov (İbn Salam), Aytən Məhərrəmova (Leylinin anası), Afaq Ağayeva (Məcnunun anası), Taleh Yəhyayev (Leylinin atası), Nəzər Bəylərov (Zeyd) və başqaları ifa edirdilər.

Tamaşanı Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edirdi. Solo tarda Xalq artisti, istedadlı tarzən Elçin Həşimov idi.

Xatırladaq ki, opera tamaşasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Rafiz İsmayılov, xormeysteri Sevzixan Serderov, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.

İki pərdə və altı şəkildən ibarət operanın sənət üçün uzun sürən fasilədən sonra nümayişi, tamaşa salonunda özünə yer tapan tamaşaçılara bir daha göstərdi ki, illər keçsə də, nə bu ölməz məhəbbət dastanı, nə də Üzeyir Hacıbəyli musiqisinin əzəməti qəlblərdəki daimi yerini dəyişməyəcək. Bu mənada yəqin pandemiyanın yükünü atan yaradıcı kollektivin bundan sonrakı təqdimatlarında biz daha sinxron oyun, həm də əsərin xarakterinə yatan səs dinamikasını duya biləcəyik.

Bütün hallarda dəvət əsasında, həm də böyük həvəslə teatra gələn və pandemiyanın müvafiq qaydalarına uyğun yoxlamadan keçib zalda əyləşən operasevərlər, nəticədən asılı olmayaraq, budəfəki təqdimat və ifaçıları da alqışsız yola salmadılar...

Həmidə NİZAMİQIZI