Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində keçirilən 24-cü Beynəlxalq “Teatr çamadanda” kukla tamaşaları festivalında iştirak edib. 16-19 sentyabrda gerçəkləşən festivalda Latviya, Litva, Moldova, Azərbaycan, Ukraynadan kuklaçılar qatılıb.
Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi festivalın açılış tədbirində iştirak edib. Tədbirin ikinci günü H.X.Andersenin “Düyməcik” əsərini nümayiş etdirən kollektiv eston tamaşaçıları heyrətləndirməyi bacarıb.
Tamaşadan sonra səhnəyə çıxan festivalın sədri Altmar Loris pandemiyanın davam etdiyi bir vaxtda Gəncə Dövlət Kukla Teatrının festivalda iştirak etməsinə şərait yaratdığına görə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimova öz minnətdarlığını bildirib, festivalın diplomunu və kubokunu teatrın kollektivinə təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, kuklaçı rəssamı Təranə Cəfərova, dekorator rəssamı Sara Məmmədovadır. Rolları Fəxri mədəniyyət işçiləri Səməd Xanəhmədov, Nahidə Namazova və gənc aktrisa Nərmin Şərifova ifa ediblər.