İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, bir il əvvəl Azərbaycan ədalət savaşına, qürur savaşına, müqəddəs savaşa çıxmışdı: “Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, – baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, – geri getməyə məcbur olmuşdur...

Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.

Prezident vurğulayıb ki, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi: “Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı”.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsi ilə Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın: “Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bir daha dərin təşəkkürünü ifadə edən dövlət başçısı vurğulayıb ki, bu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. “Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram. Həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm də bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır”, – deyə İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti eyni zamanda qeyd edib ki, 44 günlük savaşda erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün: “Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.

Anım Günündə bütün şəhidlərimizə – Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinə Allahdan rəhmət diləyən dövlət başçısı xalqa müraciətini bu sözlərlə bitirib: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.