27 sentyabr - Anım Günündə Özbəkistanda da şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Daşkəndin mərkəzində yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində Azərbaycanın Özbəkistandakı Səfirliyinin və AMM-in əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, qardaş ölkənin tanınmış elm, mədəniyyət xadimləri, yerli azərbaycanlılar, media nümayəndələri iştirak ediblər.

Öncə Heydər Əliyev adına AMM-in həyətində şəhidlərin xatirəsinə salınmış park ziyarət edilib, abidə kompleksinin önünə əklil və çiçəklər düzülüb.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı şeir kompozisiyasını təqdim ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev xalqımızın erməni işğalçılarına qarşı 30 ilə yaxın davam edən təcavüz, vandalizm siyasətinə qarşı yumruq kimi birləşdiyini və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdiyini, Vətən torpaqlarını yağıdan təmizlədiyini deyib. Diplomat torpaqlarımızın azad edilməsində qəhrəman oğullarımızın rəşadəti haqqında məlumat verib, 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı hesabına Qələbə qazandığımızı bildirib.

Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Ermənistanın artan təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasından və 44 gündə torpaqlarını azad etməsindən bəhs edib, hərbçilərimizin şücaətindən danışıb.

Tədbir çərçivəsində AMM-in hazırladığı “Zəfərə aparan yol” adlı fotosərgiyə baxış olub.