Azərbaycan

 

29 sentyabr 1833 – Şair, rəssam, xəttat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. Qarabağda doğulmuş 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatların yer aldığı “Təzkireyi-Nəvvab” toplusunu tərtib edib. Şuşada “Məclisi-fəramuşan” ədəbi məclisini təşkil edib.  

29 sentyabr 1924 – Bakıda I Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.

29 sentyabr 1953 – Əməkdar rəssam Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif; 1953 – 26.3.2020) Bakının Mərdəkan qəsəbəsində anadan olub. Karikaturaçı və teatr rəssamı kimi tanınıb, Dövlət Yuğ Teatrında çalışıb.

29 sentyabr 1962 – Əməkdar artist, tanınmış diktor Bəxtiyar Nadir oğlu Şərifzadə (1962 – 24.6.2016) Qax rayonunda anadan olub.

29 sentyabr 2003 – Ədəbiyyatşünas alim, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 25.12.1934 – 2003) vəfat edib.

 

30 sentyabr 1891 – Xalq artisti Aleksey Lvoviç Qripiç (1891-1983) anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1936-1948) quruluşçu rejissor və baş rejissor işləyib.

30 sentyabr 1920 – Əməkdar incəsənət xadimi, rejissor Lətif Bəşir oğlu Səfərov (1920 – 9.12.1963) Şuşada anadan olub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının sədri olub.

30 sentyabr 1933 – Bəstəkar, truba ifaçısı, dirijor, pedaqoq Əziz Əkbər oğlu Əzizli (1933-2005) Bakıda anadan olub.

30 sentyabr 1945 – Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945-1983) Şəkidə doğulub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.

30 sentyabr 1950 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884 – 1950) vəfat edib. “Aşıq Qərib” operası, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.

30 sentyabr 1969 – Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Sumqayıt Dövlət Gənclər Dram Teatrına görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin adı verilib.

30 sentyabr 1988 – Rəssam, Əmәkdar incәsәnәt xadimi Əbdülxalıq (Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5.5.1920 – 1988) vəfat edib.

30 sentyabr 1991 – Məşhur xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (23.10.1953 – 1991) dünyasını dəyişib.

 

1 oktyabr 1897 – Görkəmli şairə Xurşudbanu Natəvan (1832, Şuşa - 1897) vəfat edib. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Ağdamın “İmarət” qəbiristanlığında dəfn edilib.

1 oktyabr 1932 – Mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. “Qızmar günəş altında”, “Koroğlu” və s. filmlərdə çəkilib. 1963-cü ildə Qusarda Ləzgi Xalq teatrını təşkil edib.

1 oktyabr 1965 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 18.2.1895 – 1965) vəfat edib. Nizami, Xaqani, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

1 oktyabr 1987 – Xalq rəssamı, Dövlət mükafatları laureatı Nüsrət Möhsün oğlu Fətullayev (25.9.1913 – 1987) vəfat edib. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, teatrın baş rəssamı olub.

 

Dünya

 

29 sentyabr 1547 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra; 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).

29 sentyabr 1810 – İngilis yazıçısı Elizabet Qaksell (Elizabeth Cleghorn Gaskell; 1810-1865) anadan olub.

29 sentyabr 1904 – Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904-1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi?”, “Fırtınadan doğulmuşlar”.

29 sentyabr 1912 – İtalyan kinorejissoru Mikelancelo Antonioni (Michelangelo Antonioni; 1912 - 30.7.2007) anadan olub. Avropanın əsas kinofestivallarının qalibi, fəxri «Oskar» mükafatçısıdır.

29 sentyabr 1913 – Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer; 1913 - 19.2.2001) anadan olub. Filmləri: “Nürnberq prosesi”, “Bu çılğın, çılğın, çılğın dünya”, “Domino prinsipi” və s.

 

30 sentyabr 1715 – Fransız filosofu Etyen de Kondilyak (Etienne Bonnot de Condillac; 1715-1780) anadan olub.

30 sentyabr 1917 – Məşhur teatr rejissoru, Rusiyanın Xalq artisti, pedaqoq Yuri Lyubimov (1917-2014) anadan olub. Uzun illər Taqanka Teatrının rəhbəri olub.

 

1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.

1 oktyabr Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Dünyada konsert proqramları ilə qeyd edilir.

1 oktyabr 1912 – Rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada”.

1 oktyabr 1930 – Fransız aktyoru Filipp Nuare (Philippe Noiret; 1930-2006) anadan olub.

Hazırladı:  Vüqar ORXAN