Qurum “Turizm ili”ndə müxtəlif tədbirlər həyata keçirəcək
Ölkə başçısı tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması gənclər təşkilatlarını da hərəkətə gətirib. Azərbaycan Gənclər Mərkəzinin təşkilatçılığı ilə müxtəlif QHT-lərin iştirakı ilə təsis olunan «Turizmə dəstək» Gənclər Koalisiyası da bu yöndə öz töhfəsini vermək əzmindədir.
Koalisiya il ərzində turizm istiqamətində maarifləndirmə və təbliğat xarakterli silsilə tədbirlər həyata keçirəcək. Bu barədə qurumun rəhbəri Ramiz Alıyev mətbuat konfransında jurnalistlərə məlumat verdi: “İl ərzində «Dağ turizminə yürüş», «Avtoyürüş», «Xəzər yürüşü» adlı layihələr həyata keçiriləcək. Tarixi abidələrə səfərlər, bölgələrdə koalisiyaya üzv olan sənətçilərin iştirakı ilə konsertlər təşkil edəcəyik. Bu konsertlər turizm əhəmiyyətli bölgələrdə - Quba, Qusar, Qəbələ, Lənkəran və digərlərində baş tutacaq. Koalisiyada gənc rəssamlar da var. Onların sərgisini təşkil edib, mükafatlandıracağıq. Bununla yanaşı, futbol turu da olacaq. Onun təşkilində Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Futbol Federasiyası bizə yardımçı olacaq».
R.Alıyevin sözlərinə görə, il ərzində «Şahdağ» qış-yay turizm kompleksinə yürüş də təşkil olunacaq. Keçiriləcək tədbirlər sırasında gənclər üçün «Turizm məşğulluğu» layihəsi də yer alıb. Bu layihə turizm təhsilli gənclərin turizm şirkətlərində işlə təmin olunmasına yardımçı olacaq. Daha bir tədbir isə xarici tələbələr üçün olacaq: «Bakı-tur» layihəsi Azərbaycanda təhsil alan və təhsillərini bitirən xaricilər üçündür. Qobustan və Atəşgaha turlar təşkil olunacaq. Onu da deyim ki, bütün bu tədbirlərdə KİV nümayəndələri bizimə birgə olacaq və jurnalistlər üçün də turlar təşkil olunacaq».
Gülər