Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə dahi Azərbaycan şairinin əsərlərindəki ümumbəşəri dəyərlərin təbliği məqsədilə, bu dəyərləri özündə cəmləşdirən görkəmli şəxsiyyətlərə və qurumlara təqdim olunmaq üçün “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nı təsis edib.
Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın növbəti laureatı Solomon R.Guggenheim Qəyyumlar Şurasının sədri xanım Vendi Fişer (ABŞ) olub. Mükafat Nyu-York şəhərində təşkil olunan xüsusi mərasimdə təqdim edilib.
Xanım Vendi Fişer dünyadakı mədəniyyət müəssisələri ilə əməkdaşlıq edən tanınmış bir xeyriyyəçi, A4 İncəsənət Fondunun yaradıcısı, İsrail İncəsənət Muzeylərinin Dostları Britaniya Bürosunun (BFAMI) prezidenti, Tate Beynəlxalq Şurası, MoMA kimi mədəniyyət mərkəzlərinin idarə heyətinin üzvüdür.
Mükafatın təqdimetmə mərasimində Albaniyanın Baş naziri Edi Rama, Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti xanım Kerri Kennedi, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa və İsmayıl Seragəldin, Mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər.
Qeyd edək ki, ənənəvi olaraq hər il təqdim olunan beynəlxalq mükafatın laureatları sırasında Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl, ABŞ-ın sabiq Prezidenti Bill Klinton, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer, İordaniya Kralı II Abdullah, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, UNESCO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis, BMT-nin sabiq Baş katibi Butros Butros-Qali, Nobel sülh mükafatçısı Kailaş Satyarthi kimi şəxsiyyətlər var.