Bu müddət ərzində təhsil ocağının güclü elmi və təcrübə bazası formalaşıb
   
   Prezident İlham Əliyev 2005-ci il avqustun 25-də ölkəmizdə turizm sənayesinin ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsini təmin etmək məqsədilə Azərbaycan Turizm İnstitutunun (ATİ) yaradılması və lazımi avadanlıqla təchiz edilməsi barədə fərman verdi. 2006-cı il fevralın 13-də Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Turizm İnstitutu fəaliyyətə başladı, tarix elmləri namizədi Cəfər Cəfərov institutun rektoru təyin edildi, təhsil ocağının kollektivi formalaşdı. İnstitut Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərməyə başladı. Yeri gəlmişkən, həmin vaxt respublikamızda turizm sahəsində daha bir təhsil müəssisəsi - Mingəçevir Turizm Kolleci də yaradıldı.
   
   Beş ilin təhsil uğurları
   
   İnstitut tədris fəaliyyətinə 2006-cı ilin sentyabrında bir fakültə - turizm işinin təşkili və idarə edilməsi, üç ixtisas - menecment (turizmdə), marketinq (turizmdə) və turizm və sosial-mədəni sahədə servis, iki kafedra - turizm ixtisası fənləri kafedrası, ümumi fənlər kafedrası və 200 tələbə ilə başladı. Növbəti tədris ili (2007-2008) üçün ATİ-nin tələbə qəbulu planına 5 yeni ixtisas - sanatoriya və kurort müəssisələrində tibbi xidmətin təşkili, sağlamlıq və kurort, mədəniyyət və incəsənət turizmi, linqvistika (bələdçi-tərcüməçi), idman turizmi əlavə edildi. Tələbə qəbulunun sayı isə 310 nəfərə qədər artırıldı. Hazırda ATİ-də turizm sektoru üçün bakalavr proqramında 11 ixtisas üzrə 1311 tələbə təhsil alır. 2010/2011-ci tədris ilindən ATİ-də magistratura pilləsi də fəaliyyətə başlayıb və 3 ixtisas üzrə 19 tələbə təhsil alır. Tələbələrin ictimai həyatda aktiv fəaliyyətini dəstəkləmək üçün institutda Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Turist Klubu kimi birliklər fəaliyyət göstərir. ATİ hazırda Azərbaycanda turizm sahəsində yeganə təhsil, treninq və tədqiqat mərkəzidir.
   Onu da qeyd edək ki, ATİ 2007-ci ildə TQDK-nın tələbə qəbulunun nəticələrinə əsasən tərtib etdiyi reytinqə görə 3-cü, 2008-ci ildə 7-ci, 2009 və 2010-cu illərdə 5-ci yerə layiq görülüb. 2009-cu illə müqayisədə 2010-cu ildə ATİ-də keçid balları bəzi ixtisaslarda 100 % artıb.
   İnstitut ilk gündən təhsil-tədris işini Avropa standartlarına uyğun, Bolonya sistemi əsasında qurub. Bu sistem təhsildə kredit sisteminin tətbiqi, tədris prosesinin təqdimat və müzakirələr əsasında keçirilməsi, mühazirə mətnlərinin əvvəlcədən tələbələrə paylanması, tələbələrə sərbəst müəllim və fənn seçmələri üçün şəraitin yaradılması, hər bir tələbə üçün fərdi tədris planının hazırlanması, tələbələrin elmi araşdırmalara fəal cəlb edilməsi, elmi-praktik konfransların keçirilməsi və materialların nəşr edilməsi, turizm sahəsində digər ali məktəblərlə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına zəmin yaradır.
   
   Xarici ali məktəblər və beynəlxalq təşkilatlarla sıx əlaqələr
   
   ATİ öz fəaliyyətində beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət ayırır. İnstitut fəaliyyət göstərdiyi beş il ərzində bu sahədə önəmli addımlar atıb. ATİ Avropa Kredit Transfer Sistemi (AKTS) və çoxballı qiymətləndirmə sistemini tam tətbiq edən yeganə dövlət ali məktəbidir. AKTS çərçivəsində institutun 6 tələbəsi xaricdə təhsil alıb.
   ATİ-də Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universiteti ilə akademik anlaşmaya əsasən AATP (Azərbaycan-Avstriya Turizm Proqramı) adlı beynəlxalq qrup təşkil edilib. Proqrama 2007-ci ildə 18 tələbə, 2008-də 25, 2009-da 31 və 2010-cu ildə 19 tələbə qəbul olub. 2010-cu ildə proqramı 14 nəfər bitirib 2 diplom alıb. 2010-cu ildə ATİ-nin ilk buraxlışında cəmi 74 nəfər məzun, o cümlədən 14 nəfər həm ATİ-nin, həm də İMC Krems TEU-nun diplomlarını alıb.
   Tələbələrə turizm sahəsində təcrübə qazanmaları üçün mövcud imkanlar daxilində praktiki təcrübə proqramları təklif olunur. Onlar Azərbaycanla yanaşı, Türkiyə, Yunanıstan, Şimali Kipr, ABŞ, Ukrayna, İsrail, Portuqaliya və s. ölkələrdə təcrübə mübadiləsində olublar.
   Avropa İttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində 2008-ci ildən Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin universitetləri ilə əməkdaşlıq imkanları əldə edilib. Keçən dövr ərzində 9 müəllim və 17 tələbə bu proqramdan istifadə edərək xaricdə təhsil və təcrübəsini artırıb. Həmçinin ATİ 2 müəllim və 4 xarici tələbəni qəbul edib. Xarici mübadilə imkanları çərçivəsində 2007-ci ildən bu yana ATİ-yə 47 müəllim və ekspert dəvət olunub. Avstriyanın Krems, Almaniyanın Yade, Şimalı Kipr Türk Cümhuriyyətinin Girnə Amerika və Doğu Akdeniz universitetləri ilə əməkdaşlıq memorandumları imzalanıb. Ümumiyyətlə ATİ yarandığı gündən bu yana 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla əlaqələr qurub.
   ATİ turizm sahəsində təlim və tədqiqat proseslərində də yaxından iştirak edir. Bununla bağlı institutda ATİ Təlim Mərkəzi və ATİ Tədqiqat və İnkişaf Şöbəsi fəaliyyət göstərir. Mərkəz BMTİP, GTZ, BMU, IUCH/POSC, GFA, Almaniyanın Ekologiya Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, ATİB, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və s. sifarişi ilə tədqiqatlar həyata keçirib.
   Bu günlərdə Azərbaycan Turizm İnstitutu BMT-nin “Akademik təsir” (Academic İmpact) proqramının üzvləri sırasına da qoşulub. “Akademik təsir” proqramı insan hüquqları, savadsızlıq, davamlı inkişaf və konfliktlərin həlli yollarına dair 10 qlobal prinsipin dəstəklənməsi yolunda ali təhsil müəssisələrini BMT ilə əlaqələndirən qurumdur. BMT Baş katibinin Kommunikasiya və ictimai informasiya məsələləri üzrə müavini cənab Kiyo Akasaka ATİ-nin üzvlüyünü təsdiq edən sertifikatı ATİ-yə göndərib.
   ATİ eyni zamanda bir sıra yerli və beynəlxalq konfransların təşkilatçısı və iştirakçısı da olub. 2006-cı ilin dekabrında “Turizm təhsilində problemlər və perspektivlər“ adlı respublika konfransı, 2007-ci il aprelində turizm sahəsində bakalavr dərəcəsində təhsil alan tələbələrin “Azərbaycan turizmi: bu gün və sabah” adlı birinci respublika elmi-praktik konfransı, 2007-ci ilin dekabrında “Turizm və rekreasiya: problemlər və perspektivlər” adlı I Respublika elmi-praktik konfransı keçirilib. 2007-ci ilin mayında keçirilən “Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” II Beynəlxalq Konqresdə ATİ əməkdaşları aktiv iştirak ediblər. İnstitut 2007-ci ilin iyununda Bakıda keçirilmiş “İKT-yə üzv ölkələrin iqtisadiyyatında turizmin rolu” adlı beynəlxalq elmi konfransın həmsədri olub.
   İnstitut həmçinin 2008-ci ilin mayında turizm sahəsində bakalavr dərəcəsində təhsil alan tələbələrin “Azərbaycan turizmi: bu gün və sabah” adlı ikinci Respublika elmi-praktik konfransını və əməkdaşlıq etdiyi «İMC TEU Krems»lə birgə “Hər mövsümdə Azərbaycan” adlı beynəlxalq konfrans təşkil edib.
   Hazırda ATİ-də turizm sahəsində müxtəlif kitabların toplandığı ATİ Kitabxana-İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bu, respublikamızda turizm sahəsində bu cür zəngin tərkibə malik yeganə mərkəzdir. Bu kitabxanadan təkcə ATİ-nin kollektivi deyil, eyni zamanda digər ali məktəblərin tələbələri, elmi işçilər də istifadə edirlər. Əsasən xarici ölkələrin nəşri olan kitablar instituta Heydər Əliyev Fondu, AMEA, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikası Boğaziçi Universiteti, Dünya Turizm Təşkilatı, ABŞ-ın Azərbaycandakı səfirliyi, BMT-nin Azərbaycan təmsilçiliyi, Bakı Səyahət və Ekskursiya Şurası, Avstriyanın İMC Tətbiqi Elmlər Universiteti kimi müxtəlif qurum və təşkilatlar tərəfindən bağışlanıb.
   
   Gələcək planlar çoxdur
   
   Beləliklə, Turizm İnstitutu cəmi beş illik fəaliyyəti müddətində bir sıra uğurlar əldə edib. Bu müddətdə institut dünyanın turizm təhsili sahəsindəki təcrübəli ali məktəbləri ilə ayaqlaşacaq səviyyədə inkişaf etmək üçün zəruri baza formalaşdırıb.
   ATİ ilə bağlı gələcək planlar çoxdur. İnstitutda təhsil islahatları ilə əlaqədar Himayədarlar Şurasının əsasnaməsi hazırlanıb və Təhsil Nazirliyinin müvafiq komissiyasına təqdim edilib. Yaxın vaxtlarda Himayədarlar Şurasının yaradılması nəzərdə tutulur.
   2011-ci ilin martında ATİ-də doktoranturaya qəbul həyata keçiriləcək. Nazirlər Kabinetinin qərarı ilə ATİ-nin nəzdində Turizm Peşə Liseyinin yaradılması gözlənilir. Gələcəkdə Mingəçevir Turizm Kolleci ilə əməkdaşlığın dərinləşdirilməsi də həyata keçiriləcək planlara daxildir. Qeyd edək ki, ötən il ATİ-nin 2010-2014-cü illər üzrə Elmi-Tədqiqat Planı təsdiq edilib. Hazırda bu planın icrası əsas hədəflərdən biridir.
   
   Fəxriyyə Abdullayeva