Tarix boyu Azərbaycana gəlmiş-getmiş bir çox səyahətçilər, məşhur insanlar qələmə aldıqları xatirələrində, yol qeydlərində Qarabağ torpağının tarixi-mədəni irsindən, təbiətindən, havasından-suyundan söz açaraq bu qədim yurd yerimizə heyranlıqlarını ifadə ediblər. Otuzillik erməni işğalından azad edilən, bu illərdə gördüyü barbarlıqdan sonra bərpa və dirçəliş dövrünə, yeni həyata qədəm qoyan Qarabağ yenidən dünya səyyahlarının diqqətini çəkir. Deməli, Qarabağ səyahətnamələrinin yeni səhifələri yazılacaq...

Bu günlərdə dünyanın tanınmış səyyahlarının bir qrupu – 11 ölkədən (ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Rusiya) qonaqlar Qarabağa ilk səfərə gəlib.

Heyət Qarabağa yola düşməzdən öncə sentyabrın 26-da “Fairmont Baku” hotelində brifinq keçirib. Brifinqdə səyyahlar təmsil etdiyi təşkilatlar haqqında məlumat verib, dünyada turistik məkanların ölkələr üzrə deyil, müəyyən zonalar üzrə bölünməsi mövzusunda söhbətlər aparıb və səyahət zamanı qazandıqları təcrübələri bölüşüblər.

“Nomadmania.com” saytının rəhbəri Harri Misidis bildirib ki, bu onun Azərbaycana birinci gəlişi deyil. Qeyd edib ki, dünya 1301 turistik zonaya bölünür və o, bunların çox hissəsini ziyarət edib. Vurğulayıb ki, təmsil etdiyi təşkilatın dünyanın müxtəlif yerlərində 200-ə qədər mərkəzi var. Təşkilat dünyanı səyahət etmək istəyənlərə köməklik göstərir. Rəhbərlik etdiyi saytda Azərbaycanın bəzi turistik məkanlarının siyahıda yer aldığını söyləyən H.Misidis deyib ki, ölkəmizə səyahət etmək istəyən turistlər olduqca çoxdur.

“Travelers Century Club” (TCC) təşkilatının rəhbəri Coyan Şvords təmsil etdiyi qurum haqqında məlumat verib: “Səyyahların 100 illik klubu” (TCC) 1954-cü ildə ABŞ-da təsis olunub. İndi 15000-dən çox üzvümüz var. Onlardan 24 nəfər dünya səyahət siyahılarında olan 1301 turistik zonanın hamısında olub. Təşkilatımız yarananda dünyada 102 dövlət vardı, o vaxtdan bəri kluba yalnız 100-dən çox ölkəni ziyarət edənlər qəbul olunur”.

Tanınmış səyyah Don Perriş deyib: “Mən səyahətə ilk dəfə başqa şəhərlərdə yaşayan qohumlarımı ziyarət etməklə başladım. Onlar yaşadıqları yerdə məni muzey, teatr və şəhərin digər görməli yerlərinə aparanda dünyanın necə nəhəng və maraqlı olduğunu anladım və bu məni digər ölkələrə səyahət etmək barədə düşündürdü. Bakıda 2006-cı ildə olmuşam. Burada gedən dəyişiklərə heyranam. İndi isə Qarabağa səfərə edəcəyik”.

“Most Traveled People” təşkilatının rəhbəri Çarli Vili: “Bir necə şirkət var ki, dünyanı fərqli zonalara bölür. Ancaq onların hamısı sonda “Ən çox səyahət etmiş adamlar”la bir araya gəlir. Klubda hər kəs öz təəssüratını bölüşür və bununla da səyahət anlayışı getdikcə zənginləşir”.

Səyahətçi Koje Şporli söyləyib ki, rəhbərlik etdiyi “Extreme Traveler İnternational Congress” (ETİC) 2006-cı ildə yaranıb: “Konqresin missiyası həmçinin səyahəti sevənləri dünyanın bağlı zonalarına aparmaqdır. Misal olaraq, Kolumbiyada “Marketalia Respublikası” adlanan zona uzun illər ictimaiyyətə bağlı olub. Şimali Kiprə az ölkələrdən insanlar gedib. ETİC səyahətçiləri bu tip zonalara dəvət edib, onları bir araya gətirir”.

Sentyabrın 27-də 30-dan çox səyyahın yer aldığı heyətin Qarabağa səfəri başlayıb. Bu məqsədlə Bakı-Füzuli marşrutu üzrə kommersiya təyinatlı ilk sınaq uçuşu gerçəkləşib. Səyyahlar öncə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

“Füzuli hava limanına səfər etmiş ilk xarici qonaqlarıq. Bundan qürur duyuruq. Bizi burada qəbul etdiyinizə görə minnətdarıq. Regionun tarixi barədə daha çox öyrənmək, məlumat toplamaq istəyirik”, - deyə jurnalistlərə açıqlamasında ETİC-in rəhbəri Koje Şporli bildirib.

Bir il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz şəhidlərin Anım Günündə növbəti sərnişin təyyarəsinin enməsi həm də tarixi Zəfərin nəticəsi kimi rəmzi məna daşıyır. Xatırladaq ki, bu ilin yanvarında təməli qoyulan və qısa müddətdə inşa olunan Füzuli Beynəlxalq Hava Limanı ilk sərnişin və yük təyyarələrini sentyabrın 5-də qəbul etmişdi.

Xarici səyyahlar daha sonra Füzulidən Ağdama gediblər. Onlara düşmən işğalından azad edilən Ağdamda minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Qonaqlar Ağdam şəhərinin dağıntıları ilə də tanış olublar. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Ağdamda həyata keçirilən quruculuq işləri barədə məlumat verib.