Əbülqasım Hüseynzadə ömrünü xalq yaradıcılığının öyrənilməsinə həsr edib

 

Dərin məna, yığcam fikir ifadə edən atalar sözlərimiz müdrik baba və nənələrimizin zəka və düşüncəsinin bəhrəsidir. Atalar sözlərimizi ilk dəfə 1899-cu ildə İrəvan şəhərində Məhəmməd Vəli Qəmərli adlı bir müəllim toplayıb və kitab halında çap etdirib. Ötən əsrin əvvəllərində atalar sözlərini ikinci dəfə sistemli şəkildə toplayan və araşdıranlardan biri də folklorşünas Əbülqasım Hüseynzadə olub.

Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə 25 sentyabr 1890-cı ildə Bakı şəhərində dünyaya göz açıb. İlk təhsilini altısinifli şəhər məktəbində alır. Sonra qiyabi yolla təhsilini davam etdirir. Araşdırmalarda qeyd edilir ki, əmək fəaliyyətinə mühasib kimi başlayan Əbülqasım asudə vaxtlarında atalar sözlərimizi toplamaqla məşğul olub. Hələ məktəbli ikən saçaqlı konfetlərin üzərinə yazılan atalar sözləri, zərb-məsəllər, tapmacalar onun diqqətini çəkib. Məktəb yoldaşı ilə birlikdə konfet kağızlarını toplayıb. O, sonralar qələmə aldığı xatirələrində konfet fabrikinin sahibinə rəhmət oxuduğunu bildirib.

Əbülqasım Hüseynzadə 1910-cu ildə “Səadət” məktəbində hesabdar-katib vəzifəsində işləyərkən dahi bəstəkar Üzeyir Hacıbəyli ilə görüşür. Görkəmli musiqiçi onun atalar sözlərini topladığı və cəm etdiyi dəftərə baxır və bu nəcib işi yüksək dəyərləndirərək deyir: “Sən xalqımızın ləl-cəvahiratını toplayırsan”.

Böyük bəstəkarın verdiyi dəyərdən həvəslənən Ə.Hüseynzadə bu işlə daha sistemli məşğul olmağa başlayır.

O, 1925-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında baş mühasib vəzifəsinə işə düzəlir. Bir gün Azərbaycan Ədəbiyyat Cəmiyyətinin sədri, şair-publisist Böyükağa Talıblı ilə görüşür. Ondan illər boyu topladığı atalar sözlərinin kitab halında çap olunmasını xahiş edir. Beləliklə, 1926-cı ildə iki minə yaxın atalar sözündən ibarət kitab “Bakı işçisi” nəşriyyatının mətbəəsində işıq üzü görür. Bunun ardınca ədəbiyyatşünas-tənqidçi Hənəfi Zeynallının tərtib etdiyi “Atalar sözü” kitabı da çap edilir. Həmin kitabın müqəddiməsində müəllif yazıb: “Mənə bu müqəddəs işdə kömək edənlərdən biri də Əbülqasım Hüseynzadə oldu. Onun topladığı atalar sözlərindən istifadə etdim”.

1938-ci ildə ədəbiyyatşünas Məmməd Arif Dadaşzadənin redaktorluğu, görkəmli alim Həmid Araslının müqəddiməsi ilə müəllifin ikinci kitabı çapdan çıxır. Onun cəfakeşliklə atalar sözlərini toplaması dövrün ədəbiyyatşünas alimləri tərəfindən yüksək dəyərləndirilir. Ona məsləhət görürlər ki, ölkəmizi qarış-qarış gəzsin. Ə.Hüseynzadə də Azərbaycanı kəndbəkənd, şəhərbəşəhər dolaşır, atalar sözləri ilə bərabər tapmaca və nağılları da toplayaraq kitabça şəklində nəşr etdirir. Uşaqlar üçün hazırladığı “Tülkü və xoruz”, “Tapmacalar” əsərləri işıq üzü görür.

1949-cu ildə çap etdirdiyi növbəti “Atalar sözü” kitabı bir sıra özəlliklərinə görə əvvəlkilərdən fərqlənir. Kitabda atalar sözləri əlifba sırası ilə düzülür, sonda isə müfəssəl mövzular göstəricisi verilir. Kitabı çapa yazıçı Mikayıl Rzaquluzadə hazırlayır və toplu elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. İldən-ilə, nəşrdən-nəşrə oxucuya təqdim etdiyi toplunun yeniləşməsinə, zənginləşməsinə, təkmilləşməsinə çalışır. 1956-cı ildə “Atalar sözü” kitabının dördüncü nəşri işıq üzü görür. Sonrakı illərdə bu kitab rus və Ukrayna dillərində də çap edilir...

Ə.Hüseynzadənin “Rəvayətlər” kitabı 1974-cü ildə “Azərnəşr”də çapdan çıxır. On il sonra “Maarif” nəşriyyatının təqdim etdiyi “Müxtəsər rusca-azərbaycanca atalar sözü lüğəti” onun yaradıcılığının yeni bir cəhətini üzə çıxarır. Ömrünün axırınadək hikmət dəryasından ayrılmayan Ə.Hüseynzadənin sonuncu “Atalar sözü” kitabı 1985-ci ildə 40 min nüsxə ilə işıq üzü görüb. O, bir folklor bilicisi kimi bəzi atalar sözü və məsəllərin izahını da verib, onların yaranma səbəblərini araşdırıb.

Əməyi yüksək qiymətləndirilən tədqiqatçı 1981-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2 sentyabr 1988-ci ildə, 98 yaşında vəfat edib.

S.FƏRƏCOV