Əbülfəs Qarayev: “Biz bu institutun timsalında Azərbaycanın turizm təhsilini beynəlxalq səviyyədə fəxrlə təqdim edirik”
   
   Fevralın 12-də Azərbaycan Turizm İnstitutunun yaranmasının 5 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, institutun müəllim və tələbələri, mətbuat nümayəndələri iştirak edirdilər. 
      
   Tədbiri giriş sözü ilə açan institutun rektoru Cəfər Cəfərov bildirdi ki, «Turizm ili» çərçivəsində ATİ-nin təşkilatçılığı ilə bir sıra konfransların, tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rektorun sözlərinə görə, institutun 5 illik fəaliyyətinə həsr olunmuş tədbirlə həm də il ərzində görüləcək işlərə start verilir.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə geniş çıxış edərək ATİ-nin uğurlarına diqqət çəkdi. Nazir qeyd etdi ki, cəmi beş il fəaliyyət göstərməsinə baxmayaraq, institut Azərbaycanın qabaqcıl ali təhsil ocaqları ilə bir sırada dayanır: «Bu gün Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi dövlətin prioritet istiqamətlərindən biridir. Ölkədə həyata keçirilən geniş infrastruktur layihələri turizmin inkişafına da təkan verir. Azərbaycana turist axını ildən-ilə artır. 2010-cu ildə Azərbaycana 1 milyon 900 mindən artıq turist gəlib ki, bu da 2009-cu ilə nisbətən 6-7 faiz çoxdur. Cari ildə bu göstəricinin 2 milyonu keçəcəyini proqnozlaşdırırıq. Əsas məqsədimiz yaxın 5 ildə ölkəmizə 3-4 milyon turistin gəlməsinə nail olmaqdır. Bütün bu faktlar, genişlənən mehmanxana şəbəkələri, insanların turizm fəaliyyət növünə marağının artması Turizm İnstitutunun əhəmiyyətini də artırır”.
   Nazir bildirdi ki, Azərbaycanda ilk dəfə olaraq ATİ-nin tələbələri beynəlxalq layihə çərçivəsində diplom alır: «Bu, qabaqcıl bir təcrübədir. Biz bu institutun timsalında Azərbaycanın turizm təhsilini beynəlxalq səviyyədə fəxrlə təqdim edirik. İnstitutda tədris yüksək səviyyədə qurulub, müəllimlər işlərinin öhdəsindən layiqincə gəlirlər, tələbələr isə bilik uğrunda yarışırlar. Mədəniyyət və Turizm Nazirliyinin 5 illik fəaliyyəti müddətində fəxr ediləsi məqamlardan biri də məhz Turizm İnstitutunun nümunəvi fəaliyyətidir. Ötən il TQDK-nın reytinq sıralamasında institut 5-ci yeri tutub. Bu fakt ATİ-nin cəmiyyətdə artıq nüfuz qazanmasından xəbər verir».
   
   Azərbaycanın turizm sənayesi yeni mərhələyə qədəm qoyur
   
   Nazir vurğuladı ki, turizmin inkişafında əldə edilən bütün nailiyyətlərin təməlində dövlətin bu sahəyə diqqət və qayğısı dayanır: “Azərbaycan prezidenti qeyri-neft sektorunun inkişaf istiqamətləri sırasında turizmin öncül yerdə olduğunu dəfələrlə bildirib. Bu günlərdə Qusardakı qış-yay turizm kompleksində olub, görülən işlərlə maraqlandım. Orada Azərbaycanda ilk dəfə olaraq süni qarın yaradılması prosesini gördüm. Bu, olduqca böyük bir layihədir. Qusarda olarkən kompleks üçün kadrların hazırlanması, xüsusi marketinq planının işlənməsi, menecmentin qurulması haqqında İtaliya, Avstriya şirkətləri ilə danışıqlarımızı yekunlaşdırdıq. Yaxın 1-2 ay ərzində müqavilələrin imzalanması prosesi də tamamlanacaq».
   Nazir xüsusi olaraq vurğuladı ki, ATİ-nin fəaliyyəti ölkəmizdə turizm sənayesinin peşəkarlıq səviyyəsinin artırılmasına zəmin yaradır: “2011-ci ilin «Turizm ili» elan edilməsi Azərbaycanda bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul olunmasına, infrastrukturun genişləndirilməsinə əsaslanır. Azərbaycanın turizm sənayesi yeni bir mərhələyə qədəm qoyur. Bu il Bakıda beş beşulduzlu hotel istifadəyə veriləcək, Şahdağ qış-yay turizm kompleksinin işi bir neçə mərhələdə tamamlanacaq. Beynəlxalq turizm ictimaiyyətinin ölkəmizə marağı getdikcə artır. 2011-ci ildə Azərbaycanda Dünya Turizm Təşkilatının seminarının keçirilməsi nəzərdə tutulur. Prezidentin göstərişi ilə ATİ-nin nəzdində iki təlim mərkəzi yaradılacaq. Bunlar həm peşə məktəblərinin, həm də kolleclərin funksiyalarını öz üzərinə götürəcək. Bununla Azərbaycanda orta turizm təhsilli kadrlara olan tələbatın ödənməsi problemi qismən həllini tapacaq. Azərbaycan dövləti tərəfindən düşünülmüş, təyinatlı və davamlı turizm siyasəti həyata keçirilir. Bu bizi ruhlandırmaqla bərabər, məsuliyyətimizi də artırır. Ona görə də biz turizmi sağlam və inkişaf etmiş sənaye kimi formalaşdırmalıyıq. İldən-ilə yerləşdirmə yerlərinin, hotellərin, motellərin sayının artması da onu göstərir ki, artıq orta sahibkarlığın da bu sahəyə marağı artır. Məqsədimiz odur ki, ən ucuz istirahət mərkəzində də peşəkarlar işləsin».
   Nazir ötən 5 ildə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Turizm İnstitutunun fəaliyyətini işıqlandıran mətbuat orqanlarının fəaliyyətini yüksək qiymətləndirdi: “Turizm mövzusunu gündəmə gətirmək, bunu düzgün izah etmək və insanların bu fəaliyyət növünə diqqətini artırmaq kifayət qədər lazımlı və vacib vəzifədir. Medianın köməyi olmasaydı, biz turizm anlayışını cəmiyyətdə belə formalaşdıra bilməzdik”.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Turizm İnstitutunun rektoru C.Cəfərovu və institutun bir qrup müəllimini 5 ildə göstərdiyi nümunəvi fəaliyyətə görə fəxri fərmanla təltif edib. Nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev fəxri fərmanları sahiblərinə təqdim etdi və onlara işlərində uğurlar arzuladı. Mədəniyyət İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova da təbriklərini çatdıraraq rəhbərlik etdiyi qurum tərəfindən institutun bir qrup əməkdaşına və bir neçə tələbəyə diplom və mükafat təqdim etdi.
   Sonra C.Cəfərov ATİ-nin 5 il ərzində əldə etdiyi nailiyyətlər, beynəlxalq əlaqələr, keçirilən müxtəlif səviyyəli konfranslar, institutda tətbiq edilən tədris prosesi haqda məlumatları slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırdı.
   Sonda rektor çay süfrəsi arxasında jurnalistlərin suallarını cavablandırdı.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar