Mədəniyyət və Turizm Nazirliyi «Turizm ili» çərçivəsində yeni layihələr həyata keçirir. Belə layihələrdən biri də elektron bələdçi xəritəsi olan «Guide Map» naviqasiya portalının hazırlanmasıdır. 
   
   Elektron xəritəni hazırlayan «Sinam» şirkətinin direktoru Elçin Əliyevin sözlərinə görə, «Guide Map» Azərbaycan ərazisinin rəqəmli coğrafi xəritəsidir. Ölkə ərazisində yerləşən 3500 kənd, şəhərlərimiz, ünvanlı binalar, 50 mindən çox maraq nöqtələri, mədəniyyət və turizm obyektləri, abidələr burada öz əksini tapıb.
   E.Əliyevin sözlərinə görə, layihənin əsas önəmi onun portal şəklində həyata keçirilməsindən ibarətdir: «Həm xarici vətəndaşlar, həm də yerli insanlarımız bu portaldan istifadə etməklə Azərbaycanın coğrafiyası, mədəniyyəti, turizm obyektləri barədə istədiyi məlumatı əldə edə biləcək. Burada geniş axtarış imkanları var. Ölkəmizin ərazisində mövcud olan 7 əsas turizm marşrutu üzərində yerləşən restoranlar, kafelər, hotellər, istirahət mərkəzləri, tarixi abidələr, muzeylər haqqında məlumatlar portalda əksini tapıb. Bundan başqa, istənilən rayon və kəndə, turizm obyektinə getmək üçün marşrutları, maşınla getmək üçün isə xəritəni buradan əldə etmək, hətta gedəcəyin ərazinin ölçüsünü belə müəyyənləşdirmək mümkündür. Həmin ərazilər haqqında videoməlumatlar və şəkillər də portalda yerləşdirilib. Portal Naxçıvan Muxtar Respublikasının ərazisini də əhatə edir. Gələcəkdə bu sistemə muzeylərə, konsert saraylarına, teatrlara biletlərin alınması, restoran və kafelərdə yerlərin sifariş edilməsi kimi məsələlər də daxil ediləcək».
   E.Əliyev onu da qeyd etdi ki, bu resurslar hər bir ölkədə lazımlıdır. Amma yaxın qonşu ölkələrdə belə bir sistem mövcud deyil. Azərbaycanda yol infrastrukturu inkişaf etdiyindən bunu tətbiq etmək elə də çətin deyil. Yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək portalda öz obyektləri haqqında məlumatları yerləşdirmək yəqin ki, hər bir sahibkar üçün maraqlı olacaq.
   
   Fəxriyyə Abdullayeva