1 oktyabr tarixindən açılır

 

Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalmalar olacaq.

Qərara əsasən, istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların fəaliyyəti, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcə də ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti bərpa edilir.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportu, yaxud COVİD-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatına sahib olduqları halda istifadə edə bilərlər.

Həmçinin sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVİD-19 pasportuna və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması şərtdir.

İş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda COVİD-19 pasportunun verifikasiyası prosesinin təşkili və baş verəcək pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.

Beləliklə, 2020-ci ilin mart ayında pandemiya səbəbindən qapıları tamaşaçı üzünə bağlanan teatrlar, kino nümayişi məkanları və konsert zalları 1 oktyabr tarixindən açılır.

Yeri gəlmişkən, 1 oktyabr Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunan gün ənənəvi olaraq konsert proqramları ilə qeyd edilir.