Qazaxıstana rəsmi səfər edən Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlamentinin yuxarı palatası – Senatın sədri Maulen Aşımbayev və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşlərində bu ölkənin qanunverici orqanını Xocalı soyqırımını tanımağa çağırıb.

Milli Məclisin sədri həmkarlarına qarşıdan 30-cu ildönümü gələn Xocalı soyqırımı barədə ətraflı məlumat verib və diqqətə çatdırıb ki, dünyanın bir sıra ölkələrinin parlamentləri bu faciəni soyqırımı kimi tanıyıb. Spiker deyib ki, Qazaxıstan Parlamentinin də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirməsi yaxşı olardı.

Görüşlərdə Milli Məclisin sədri, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər qazanaraq torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyduğunu deyib, azad edilmiş Azərbaycan ərazilərində işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılmış şəhərlərin, kəndlərin bərpasından və həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrindən bəhs edib.