Orta əsr Ağsu şəhərinə aid 8 min eksponat aşkar edilib
   
   Qədim tarixin səhifələrini özündə yaşadan və zaman-zaman arxeoloji qazıntılarda, yaxud da elə sırf təsadüf nəticəsində üzə çıxan tapıntılar həmişə cəlbedici olub. Sonradan muzeylərin ekspozisiyasını bəzəyən arxeoloji materiallar həm tarix, həm sənət baxımından mühüm dəyər kəsb edir, özəlliklə turistlərin böyük marağına səbəb olur. Azərbaycanda belə arxeoloji tapıntılarla zəngin olan tarixi yaşayış məskənləri kifayət qədərdir.
      
   2010-cu ilin martından “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyinin təşəbbüsü ilə “Orta əsr Ağsu şəhəri” arxeoloji turizm kompleksi” adlı layihə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanın turizm marşrutlarından kənarda qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və turistlərin diqqətini bu bölgəyə çəkməkdir. Layihə çərçivəsində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkil etdiyi Ağsu arxeoloji ekspedisiyası Ağsu şəhərinin 3-4 kilometr cənubunda yerləşən şəhərgah ərazisində tədqiqatlara başlayıb. Həmin tədqiqatların nəticəsi olaraq bu günlərdə (5 fevral) Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyi və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən konfransda bölgədə arxeoloji turizmin inkişaf perspektivləri müzakirə olunub.
   
   Ağsu ərazisində XII-XIII əsrlərdə yaşayış olub
   
   Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix elmləri namizədi, Ağsu Arxeoloji Ekspedisiyası rəisinin müavini Fariz Xəlillinin dediyinə görə, qazıntı işləri təxminən 600 kv.m. sahəni əhatə edir: “3, 4 və 5-ci qazıntı sahələri tədqiq olunub. 3-cü qazıntı sahəsindən sənətkarlıq məhəlləsi aşkar etmişik. Sahəsi 600 kv.m.-dir. 4-cü qazıntı sahəsində qala divarını açmışıq. Qala divarına bitişik küçələr və tikililər ortalığa çıxarılıb. Burada yaşayış evi aşkara çıxarılıb ki, içərisində zəngin şəkildə işlənmiş divar bəzəkləri və iri hamam var. Bu qazıntı sahəsi 2800 kvadrat metr ərazini əhatə edir. 5-ci qazıntı sahəsindən isə dövrün varlı insanlarının evlərinin özülü aşkarlanıb. Buradan xeyli miqdarda kirəmit qırıqları, şəhərin kanalizasiya və su xətləri tapılıb”.
   Həmsöhbətimin sözlərinə görə, üzərində tədqiqat aparılan abidə son orta əsr abidəsidir, XVIII əsrə aiddir. Tarixi mənbələrdə bu şəhəri Nadir şahın saldırması haqda məlumat var. Nadir şah Şamaxını dağıdaraq, ona yaxın düzəngah bir ərazidə böyük bir qala tikdirir: «Bu qala Azərbaycanın qala şəhərləri içərisində öz ərazisinə görə fərqlənir. Şəhər ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla, təqribən 34 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və val şəklində olan çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Burada əsasən çay daşlarından, bişmiş və çiy kərpiclərdən, qaya daşlarından material kimi istifadə olunub».
   F.Xəlilli deyir ki, qazıntılar zamanı 4-cü qazıntı sahəsində təxminən 1,5-2 metrlik ərazidə kanalizasiya xəttinin üzərindən XII əsrə aid maddi-mədəniyyət nümunələri aşkar edilib: «Bunlar 15-20 ədəd saxsı qabın qalıqları və 2 ədəd sikkədir. Bu pullardan biri XIII əsrdə Şirvanşah II Axsitan tərəfindən kəsilib, ikincisi isə Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvanın dövrünə aiddir. Bu onu göstərir ki, burada XII-XIII əsrlərdə də yaşayış olub. Amma bütün bunlara baxmayaraq, şəhər XVIII əsrdə salınıb. Bu məlumat tarixi mənbələrdə də var. A.Bakıxanovun «Gülüstani-İrəm» əsərində, rus hərbçilərinin salnamələrində və Avropa səyyahlarının əsərlərində bu fakt öz əksini tapıb».
   Arxeoloq bildirir ki, XVIII əsrin sonunda Şirvan xanlığının paytaxtı olub. Buraya müxtəlif istiqamətlərdən tez-tez hücumlar olurdu: «Şirvan şahı Mustafa xan bu halda şəhəri hücumlardan qorumaq üçün əlçatmaz bir yerdə - Fitdağda şəhər saldırmaq qərarına gəlir və əhalinin böyük əksəriyyətini həmin şəhərə köçürür. Sonralar yaşayış olmadığına görə Ağsu şəhəri dağıntılara məruz qalıb».
   
   Torpaq altında nələr yatırmış?
   
   Tədqiqat nəticəsində məlum olub ki, qazıntı sahəsinin mərkəzindən daş döşəməli şəhər küçələrindən biri keçir. Küçənin 5 m cənubunda şəhər meydanlarından biri üzə çıxıb. Meydanın cənubunda boyaq dükanı, onun anbarından 5 ədəd iri boyaq küpü və 1 ədəd su küpü üzə çıxıb. Boyaq küplərinin divarında və ətrafında qırmızı boyaq izləri var. Boyaq dükanından saxsı məmulatı, şüşə qablar da aşkar edilib. Dükanın qərb tərəfində aşkar edilmiş geyim hissələri, yumaqlar, düymələr, qayçı, oymaqlar, möhür, metal tikmələri burada vaxtilə tikiş dükanının olduğunu göstərir. Döymə üsulu ilə çox incə hazırlanmış ürək formalı və insan təsvirli metal lövhə bəzək elementi kimi geyim üzərinə tikilirdi. Yeri gəlmişkən, həmin bəzək əşyası Ağsu arxeoloji ekspedisiyasının loqosu kimi qəbul edilib.
   Dükanının qərb tərəfində isə iri dəmirçi sexi fəaliyyət göstərib. Burada çoxlu ocaq qurğuları, daşdan dəmirçi dəzgahının hissəsi, daş təknə, daş zindan, daş və mis tökmə qəliblər, mis qaşıq və cam, 100 kq-dan çox dəmir külçə və çıxarlar, dəmirçi alətləri, hazır dəmir əşyalar bu sexin şəhərin əsas dəmirçilik mərkəzlərindən olduğunu göstərir.
   Dəmirçi sexində iş bölgüsünə uyğun olaraq sümük ustası və misgər də fəaliyyət göstərib. Sümükdən əsasən xəncər və bıçaq dəstləri, bəzək əşyaları və düymələr düzəldilirdi. Misgər isə mis əşyalar düzəltməklə yanaşı, mis pullar da kəsib. Şirvanın birinci xanı Hacı Məhəmmədəli xan Lahıc mahalının yaxınlığındakı Zərnava kəndindən olduğu üçün bu və digər sikkələrin üzərinə bəzən “Lahıc” və “Məhəmməd” damğaları vurulub. Ümumilikdə bu sexdə 300-dən çox mis və gümüş sikkə aşkar olunub.
   Şəhər küçəsinin şimalında isə Ağsunun çörək tələbatının böyük bir hissəsini ödəmək gücündə olan iri təndirlər, çörəkxanalar, ocaq qurğuları aşkar olunub. Bu təndirlərin nəinki çörək təminatı, həm də müxtəlif yeməklərin bişirilməsində də istifadə olunduğunu buradan tapılmış iri və xırda buynuzlu heyvan sümükləri də təsdiq edir. Təndirlərin bəziləri qalın divarlıdır. Bəzi təndirlər isə nazik divarlı olsa da, onların divarı əhatəsində saxsı qab sınıqları düzülüb, divara bir növ yapılıb.
   
   Eksponatlar elektron şəkildə pasportlaşdırılır
   
   Arxeoloq deyir ki, bütün bu məlumatlar Azərbaycan elmi ictimaiyyətinin diqqətini cəlb edib. Alimlər bu şəhərlə yaxından maraqlanırlar. Arxeoloji qazıntıların nəticələri ilə bağlı üç kitab Azərbaycan və ingilis dillərində nəşr edilib: «Güman edirik ki, tarix dərsliklərini hazırlayan müəlliflər bu kitablardan istifadə edəcəklər. İndiyə qədər Azərbaycanda XVIII əsr arxeologiyasının öyrənilməsinə o qədər də diqqət yetirilməyib. Hazırda əlimizdə 8 min ədəd eksponat var. Bunların bir hissəsi Ağsu şəhəri sərgi kompleksində nümayiş etdirilir. 4 minə yaxın eksponat isə elektron şəkildə pasportlaşdırılıb».
   F.Xəlillinin sözlərinə görə, «Miras» İctimai Birliyi artıq bir neçə turizm şirkəti ilə əlaqə yaradıb. Gələcəkdə Ağsu şəhər qalıqlarına turların təşkil olunması nəzərdə tutulur. «Şirvan xəzinəsinə aparan yollar» adlı mədəni irs turlarını əhatə edən turpaket hazırlanacaq. Bu turların əsasını isə Orta əsr Ağsu şəhərinə səyahət təşkil edəcək.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar