Azərbaycan memarlığı zəngin ənənələrə malikdir. Hər bir abidə, memarlıq əsəri özünəməxsusluğu ilə seçilir. Eyni zamanda abidələrin siması - onların formaları, konstruktiv özəllikləri və digər davamlı arxitektura ənənələrindən xəbər verir.
Azərbaycan memarlığı tarixində tikililərin arxitektura detallarında hər hansı ornament qismində bu və ya digər sözün «gizlədilməsi» faktı az olmayıb. Buna ən məşhur misal XV əsrin əvvəllərində inşa edilən və Azərbaycan memarlığının bənzərsiz incilərindən sayılan Şirvanşahlar sarayı kompleksidir. Sarayın günbəzlərlə örtülən hündür portalı, minarəli tikililəri, qüsursuz icra olunan detallar, ornamentlərin zərif və dərin oyulmasından yaranan bənzərsiz mənzərə, ustalıqla hörülmüş daşlar - əsrlərlə öz gözəlliyini saxlayaraq, günümüzədək gəlib çatıb. Portalın yan hissələrində Şirvanşahların ailə qəbiristanlığında (türbə) iki damcı şəkilli medalyon var. Bu ornamentli medalyonlarda türbənin müəllifi Məhəmməd Əli ustalıqla öz adını «gizlədib». Şifrənin açılmasını çətinləşdirmək üçün usta bu üsuldan istifadə edib - eyni yazı iki dəfə təkrar olunur: düz və əksinə. Ərəb hörmə yazısı ilə ustalıqla və peşəkarcasına şah türbəsinə həkk olunan yazı uzun illər memarın adını gizləyib. Yalnız 1945-ci ildə azərbaycanlı alimlər sirri açıblar. Başqa bir şifrələnmiş yazı yenə də həmin Şirvanşahlar sarayının divanxanasında giriş qapısının çatma tağında «gizlədilib». Qabarıq hissədə kölgələrin kontrastından qurulan rəsmdə üsluba uyğunlaşdırılmış ərəb yazısı ilə dairəvi «Əli» sözü altı dəfə təkrar olunur. Qeyd etmək lazımdır ki, Şirvanşahlar sarayında müxtəlif ornament formasında icra olunan fərqli məzmunlu bir neçə ərəb yazısına rast gəlinir. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Hacı Qadir Qədirzadə deyir ki, abidələrdə yer alan ornamentlər əslində Azərbaycan memarlarının ustalığından xəbər verir. Alim bildirir ki, İslamın canlı varlıqların təsviri sahəsində qoyduğu məhdudiyyətlər nəticə etibarilə dekorativ sənətin, xüsusən də süjetsiz ornamentin - həndəsi və epiqrafik naxışların, bitki ornamentlərinin inkişafına təkan vermişdi: “Bəzən abidələrə kənardan baxanda naxışlardan heç nə hiss olunmaya bilər. Hər hansı quş təsviri və ya gül təsvirinə diqqətlə baxanda gözəl çəkilmiş həndəsi ornament-yazı olduğunun fərqinə varırsan”.
Bəzi abidələrdə yazılanlar yalnız “güzgü üsulu” ilə oxunur
Orta əsrlərdə də monumental binaların bəzədilməsi üçün arxitektura ornamentindən geniş istifadə olunmağa başladı. Əlbəttə, qədim ustaların sənəti və təxəyyülü orijinallığı ilə heyrətləndirir. Amma yaxın keçmişin nümunəsi daha təəccüblüdür. Ötən əsrin 70-80-ci illərində Bakıda İnşaat Mühəndisləri İnstitutunun yeni binası layihələşdirildi və tikildi. Heç nə ilə fərqlənməyən, sovet dövrü üçün adi bir dəmir-beton tikili idi. Binanı az da olsa bəzəmək üçün layihədə bütün fasad boyunca həndəsi ornamentlər çizildi. Sanki adi xətərdən ibarət heç bir məna kəsb etməyən naxış idi, heç vaxt diqqət cəlb etməmişdi. Amma detallı nəzərə salanda görürdün ki, paneldəki adi ornament deyil, kufi əlifbası ilə yazılan «Allah» sözüdür. Yazının şifrəsini açmaq üçün orta əsrlərdə ustaların istifadə etdiyi üsullar tətbiq olundu, söz əksinə (güzgü üsulu) yazılmışdı, təsvirlər çevrilmişdi, kölgə kontrastından istifadə olunmuşdu. Bu müəmmalı ornament binanın arxa fasadındadır, buna görə də uzun müddət diqqətdən kənarda qalıb.
«Allah» sözü formasında ornament milli memarlıq üçün ənənəvidir və bunun dərin kökləri var. İlk dəfə milli memarlığımızda «Allah» sözünə analoji icrada Bərdədəki «Nüşabə türbəsi»ndə rast gəlirik. Bu üsuldan Ərdəbildəki Şeyx Səfi məqbərəsində, Naxçıvanın şərq qurtaracağında yerləşən İmamzadə qəbiristanlığındakı dini kompleksin fasadında istifadə olunub. Eyni ornamentin motivi XX əsrdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun binasında təkrarlanır. Binanın arxitektoru L.Qonsiarovski olub. O, milliyyətcə polyakdır, uzun müddət İnşaat Mühəndisləri İnstitutunun kafedrasında çalışıb. Amma onun ornamentin müəllifi olub-olmadığı bəlli deyil. Hər bir halda, belə müəmmalı ornamentin fasadda peyda olması təsadüf deyil, kiminsə məqsədyönlü fəaliyyətinin nəticəsidir. Və qəribədir ki, sovet hakimiyyəti bundan xəbər tutmayıb.
Hazırladı: Ceyhun