Bütün cəbhə boyunca düşmən mövqelərinə zərbələri davam edir

  • Vətən müharibəsinin beşinci günündə ordu hissələrimiz bütün cəbhə boyunca düşmən mövqelərinə zərbələri davam etdirib. Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib. Vətən müharibəsi başladığı gündən düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.

  • Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.

  • Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı həmkarını Ermənistan tərəfinin törətdiyi təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları barədə məlumatlandırıb.