Meksikanın Tampiko şəhərində ölkənin müstəqilliyinin 200 illiyi münasibətilə təşkil olunan yubiley tədbirlərində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı heyətinin təqdimatında konsert proqramı keçirilib. Konsert Meksika hökuməti, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Mexikodakı səfirliyimizin dəstəyi ilə reallaşıb.
Əvvəlcə səfir Məmməd Talıbov çıxış edərək Meksikanın Müstəqillik Gününün (27 sentyabr) Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə üst-üst düşdüyünü, eləcə də bu il Meksikada müstəqilliyin 200 illiyinin, Azərbaycanda isə müstəqilliyin bərpa olunmasının 30 illiyinin qeyd edildiyini vurğulayıb. O, əlamətdar yubiley münasibətilə Azərbaycan hökuməti və xalqı adından Meksika hökuməti və xalqını təbrik edib.
Azərbaycanın zəngin musiqi ənənələri, aşıq, muğam sənəti, xalq və klassik musiqi irsi, tanınmış bəstəkar və vokal ifaçıları, habelə ölkəmizdə təşkil olunan beynəlxalq musiqi festivalları, o cümlədən 28 il sonra işğaldan azad edilmiş Şuşa şəhərində bir neçə ay əvvəl keçirilmiş möhtəşəm “Xarıbülbül” festivalından bəhs edən videomaterial nümayiş olunub.
Tampiko şəhər hökumətinin nümayəndəsi Azərbaycanın Meksika üçün əlamətdar olan bu tədbirdə iştirak edərək öz zəngin musiqi irsini yerli auditoriyaya canlı şəkildə təqdim etməsinə görə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı heyətinin ifasında tamaşaçılara Azərbaycanın xalq və bəstəkar mahnıları, muğam kompozisiyaları, milli və əcnəbi klassik musiqi nümunələri və milli rəqs nömrələri təqdim olunub. Musiqiçilərimizin çıxışı auditoriya tərəfindən coşqu ilə qarşılanıb.
Qeyd edək ki, konsert COVID-19 pandemiyası başlayandan sonra Tampiko şəhərində keçirilən ilk mədəni tədbir olub.