Oktyabrın 1-də “Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə ağacəkmə aksiyası keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə Gəncə şəhərində, Nizami Gəncəvi məqbərəsinin ətrafında dahi şairin 880 illik yubileyini simvolizə edən 880 şam ağacı əkilib.

Aksiyada Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Gəncə Şəhər İcra Hakimiyyəti və “Kapital Bank”ın nümayəndələri iştirak ediblər.

Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli mətbuata açıqlamasında bu təşəbbüsün “Nizami Gəncəvi İli”nə növbəti töhfə olduğunu bildirib: “Qüdrətli söz və fikir ustadının insanları əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu il həm ölkə daxilində, həm də xaricdə geniş tədbirlərlə qeyd olunur”.

Vurğulanıb ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də “Nizami Gəncəvi İli”nə öz töhfəsini verməkdə davam edir. Mütəfəkkir şairin yubileyi Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda, xüsusilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda geniş şəkildə qeyd olunur. Bu il həmçinin Dövlət Xidməti tərəfindən Nizami Gəncəvi məqbərə kompleksinin də pasportu və mühafizə zonası hazırlanaraq təsdiq edilib.