“Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin doğma şəhərində silsilə tədbirlər davam edir. Sentyabrın 30-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konsert keçirilib.
Filarmoniyanın Xalq çalğı alətləri orkestrinin təqdim etdityi konsert proqramı Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçıs Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, digər rəsmilər, mədəniyyət işçiləri, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filarmoniyanın direktor əvəzi, Əməkdar artist Elçin Elçiyevin bədii rəhbəri olduğu orkestrin konsert proqramı Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasında rəqslə başlayıb.
Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova musiqisi Üzeyir Hacıbəylinin, sözləri Nizami Gəncəviyə məxsus olan “Sevgili canan” romansını, Əməkdar artist Kəmalə Tağızadə bəstəkar Oqtay Rəcəbovun “Anam Azərbaycan” mahnısını, Milli Konservatoriyanın tələbəsi Günel Hacıyeva Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülcöhrənin ariyasını, Asəf Zeynallının “Ölkəm” romansını, Xalq artisti Sevinc İbrahimova Fikrət Əmirovun Nizami Gəncəvinin sözlərinə yazdığı “Gülüm” romansını, solist Rüstəm Cəfərov Niyazinin “Vətən nəğməsi”ni, solist Xəyal Əliyev Əlibaba Məmmədovun “Xudayar təsnifi”ni ifa ediblər.
Proqramın davamında Gəncə şəhər Bülbül adına 3 nömrəli Musiqi məktəbinin direktoru, bəstəkar Svetlana Zelmixan qızının Nizaminin “Görünür” qəzəlinə yazdığı mahnını “Gəncəm” triosu, Telman Hacıyevin bəstəsi olan “Gəncəm” mahnısını Mehparə Cəfərova təqdim ediblər.
Filarmoniyanın baletmeysteri Sənan Cavadovun rəhbəri olduğu “Xəmsə” uşaq rəqs ansamblı “İgidlər” və “Naz eləmə” rəqslərini təqdim edib.
Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov səhnəyə çıxaraq orkestrin kollektivinə, konsertin təşkilatçılarına minnətdarlığını bildirib.