Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin irsinin təbliği və tədqiqi işinin yeni mərhələyə yüksəlməsinə təkan verib.
Oktyabrın 1-də Mədəniyyət Nazirliyinin dəstəyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda elmi konfrans keçirilib. AMEA-nın “Fizika və lirika” silsiləsindən VII konfrans Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda gerçəkləşib. Tədbir çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş sərgi də təşkil edilib.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli konfransı açaraq “Nizami Gəncəvi İli” çərçivəsində akademiyanın bölmələrində silsilə tədbirlərin keçirildiyini bildirib. “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda keçirilən konfransın nizamişünaslığa töhfə olacağını deyən akademik tədbirin Nizami yaradıcılığı ilə bağlı yeni tədqiqatlara zəmin yaradacağını vurğulayıb.
AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova çıxışında qeyd edib ki, dünyanın qüdrətli ədib və filosoflarından olan Nizaminin irsi, o cümlədən elmi dünyagörüşü səkkiz əsrdir müxtəlif tədqiqatların mövzusudur. Ədəbiyyatşünaslar, sənətşünaslar və digər sahələrin mütəxəssisləri Nizami irsini dərindən tədqiq ediblər. Onun əsərlərində təbiət, ətraf mühit, 50-yə qədər heyvan növü, kol və dərman bitkiləri, anatomiya, fiziologiya, mikroorqanizmlər, maddələr mübadiləsi və s. proseslərlə bağlı olduqca qiymətli fikirlərə rast gəlinir. Akademikin sözlərinə görə, dahi mütəfəkkir əsərlərində bugünədək bir çox alimlərə məlum olmayan, Azərbaycandan kənar ölkələrdə yetişən bitkilər barədə məlumatlar da təqdim edib. İ.Hüseynova şairin yaradıcılığında təbiətlə bağlı fikirlərin dərindən araşdırılması üçün Ədəbiyyat İnstitutu ilə birgə dissertasiya işinin yazılmasının da faydalı olacağını diqqətə çatdırıb.
Tədbirdə Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” mövzusunda çıxış edib. O, Nizaminin böyük humanist şair kimi hər zaman insan ləyaqətini tərənnüm etdiyini vurğulayıb. “Nizami Gəncəvinin dahiliyi həm də ondan ibarətdir ki, o, müasir dövrdə baş verən ekoloji böhrana öz dövründən sanki proqnoz verərək baxmış, problemlərin həlli yoluna işarə etmişdir”, - deyən M.Qafarzadə bildirib ki, dahi şair bütün əsərlərində insanları təbiəti sevməyə, ona qayğıkeş münasibət göstərməyə çağırıb. Canlı təbiətin qorunması mövzusu Nizaminin “Yeddi gözəl”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” və digər poemalarında öz əksini tapıb.
Şöbə müdiri onu da diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyinin xətti ilə dahi şairin “Xəmsə”si Türkiyədə türkcə beş cilddə nəşr olunub. Həmin kitablar konfransda təqdim olunub. Həmçinin Nizaminin və qəhrəmanlarının əks olunduğu xalça nazirlik adından AMEA-ya hədiyyə edilib.
Konfrans işini məruzələrlə davam etdirib. AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Nizami Gəncəvinin elmi dünyagörüşü və elmə münasibəti”, Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyevanın “Nizami Gəncəvinin nəsil şəcərəsi və həyatı” və Təhminə Bədəlovanın “Nizami Gəncəvinin yaradıcılıq yolu”, Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın “Nizami Gəncəvi yaradıcılığında insan sağlamlığı məsələləri”, eləcə də Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Nizaminin təbiət aləmi və təbiət sevgisi” mövzularında məruzələri dinlənilib.