Bülbülün Memorial Muzeyində “Cult Baku” klubu ilə birgə böyük müğənninin xatirəsinə həsr olunan musiqili gecə keçirilib.
Oktyabrın 1-də gerçəkləşən tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) həyat və yaradıcılığından, yeni fəaliyyətə başlayan Bülbülün Şuşadakı Ev-Muzeyindən bəhs edib.
Musiqili gecə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Sübhan Rüstəmovun “Sevgili canan” romansının ifası ilə açılıb. Daha sonra Azərbaycan Milli Konservatoriyasının tələbələri, respublika və beynəlxalq müsabiqələr laureatları Solmaz Rəhimova, Hüseyn Nağıyev, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Zəhra Qurbanova, Vaqif Qurbanov, Rəvan Paşazadə, 36 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Adəm Eminli, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Sübhan Tahirov, Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Səma Xəlilzadə, Rəna Novruzbəylinin ifaları dinlənilib.
Tədbir “Xarıbülbül” muğam qrupunun – Ülkər Abdullayeva (xanəndə), Cavanşir Rüstəmbəyli (tar), Əli Rüstəmbəylinin (kamança) ifası ilə başa çatıb.
Musiqili gecədən sonra qonaqlar muzeylə tanış olublar.