Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Beynəlxalq Musiqi Günü (1 oktyabr), BMA-nın 100 illiyi və ev-muzeyin açılışının 3 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. O, konsertin rəhbəri, BMA-nın professoru, Əməkdar müəllim Gülnarə Acalovanı akademiyanın 100 illiyi münasibətilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmasına görə təbrik edib.
Qara Qarayevin Ev-Muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva muzeyin yaradılmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Daha sonra Gülnarə Acalovanın rəhbərliyi ilə konsert proqramı təqdim edilib. Respublika və beynəlxalq müsabiqələr laureatları – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mahir Tağızadə (vokal), Zəhra Cahan Şıxəliyeva (fortepiano), Emin İsmayılov (vokal), Cəmalə Abdinzadə (fortepiano), Şükufə Rəsulova (violin), Fatimə Əliyeva (fortepiano), Orxan İbrahimov (klarnet), Əzizə Ağazadə (fortepiano), Orxan Cumayev (cello) və Leyla Zeynalovanın (fortepiano) ifalarında Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov və Rüzgar Əhmədzadənin əsərlərindən ibarət konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Musiqi Günü UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Musiqi Şurası tərəfindən 1973-cü ildə Lozannada keçirilən Baş Assambleyada təsis olunub. 1975-ci ildən hər il qeyd olunan musiqi bayramında müxtəlif konsert proqramları, bəstəkarlarla, musiqi ifaçıları və musiqişünaslarla görüşlər təşkil edilir.