«Turizm ili» ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan İşçi Qrupun hazırladığı tədbirlərin siyahısına Azərbaycan Turizm İnstitutu ilə bağlı bir neçə iri məsələ də daxil edilib. Bunu jurnalistlərə açıqlamasında ATİ-nin rektoru Cəfər Cəfərov deyib. Onun sözlərinə görə, görüləcək işlər sırasına təhsilin müxtəlif pillələri ilə bağlı məsələlər daxildir: «Peşə məktəbinin yaradılması ilə bağlı aparılan işlərin sürətləndirilməsi nəzərdə tutulur. Artıq Təhsil Nazirliyi ilə əldə edilən razılaşmaya görə Bakı şəhərində fəaliyyət göstərən böyük peşə məktəblərindən biri Turizm İnstitutunun tabeçiliyinə verilib. Təkliflər paketinə daxil edilən ikinci məsələ ATİ-nin əlavə bir korpusunun tikilməsi ilə əlaqədardır. Amma bu yöndə daha böyük arzumuz institutun bir şəhərciyinin olmasıdır. İstərdik şəhər kənarında ATİ-yə bir ərazi ayrılsın və orada institutun təhsil mərkəzi, peşə təlim mərkəzi, peşə hoteli və restoranı yerləşsin».
   Rektor eyni zamanda institutun da qarşısında çox böyük öhdəliklərin durduğunu bildirib: «Bunlardan ən vacibi isə təbii ki, keyfiyyətin artırılmasıdır. Hazırda bizim qarşımızda duran əsas məsələ budur. Bu məqsədlə ilk məzunlardan 10 nəfəri ATİ-də işlə təmin olunub. Amma bütün bunlarla bərabər bizim turizm təhsilli kadrlara tələbatımız böyükdür».
   

  Fəxriyyə