Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Vaqif Şərifov 5 oktyabr 2021-ci il tarixində, 78 yaşında vəfat edib.

Vaqif Abdulla oğlu Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. 1960-cı ildən Gəncə Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə isə Gəncə teatrında direktor və bədii rəhbər vəzifələrində çalışıb. Müxtəlif illərdə Nazim Hikmətin “Domokl qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Altay Məmmədovun “Dəli Domrul”, Anarın “Şəhərin yay günləri”, Mirzə Fətəli Axundzadənin “Qanun dəllalı”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin “Xan qızı” və s. əsərlərə quruluş verib.

Ümumilikdə Azərbaycan teatrlarında 180-dən artıq pyesə səhnə həyatı verən Vaqif Şərifov “Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl dərviş” mükafatına layiq görülüb.

1992-ci ildə “Əməkdar incəsənət xadimi”, 2014-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülən sənətkar 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2020-ci ildən  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

***

Gəncə Dövlət Dram Teatrında Xalq artisti ilə vida mərasimi təşkil olunub. Mərasimdə şəhər İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri və rejissorun sənət yoldaşları iştirak ediblər.

Vaqif Şərifov Gəncə şəhərindəki Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin.