Vətənin dar günündə dadına çatan, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qoşulan igidlərimizdən daha birini – Vaqif Vüqar oğlu İsmayılzadəni oxucularımıza tanıdırıq.

Vaqif 1996-cı il noyabrın 6-da Beyləqan rayonunun 1-ci Şahsevən kəndində anadan olub. Ailəsi əslən Cəbrayıl rayonunun Horovlu kəndindəndir. 1993-cü ildə düşmən Cəbrayıl rayonunu işğal etdiyi üçün onlar öz dədə-baba yurdundan qaçqın düşərək Beyləqan rayonuna pənah gətiriblər. Vaqif rayonun Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbində təhsilə başlayır. O, uşaqlıqdan hərbi sahəsinə maraq göstərir, ata yurdunun düşmən tapdağı altında qalması ilə barışmırdı.

2015-ci ildə orta məktəbi bitirən Vaqif Sumqayıt şəhər N saylı hərb hissəsində xidmətə başlayır. Xidmət zamanı fəallığı və nizam-intizamı ilə seçilir. Komandirlərin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə dəfələrlə təşəkkürnamə ilə mükafatlandırılır. Xidməti başa vurduqdan sonra Beyləqan rayonunda hərbi polis kimi fəaliyyət göstərir.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda Vaqif də qəhrəman oğullarımız kimi odlu-alovlu səngərdə yerini alır. Müharibənin ilk günlərində bir sıra döyüşlərdə iştirak edir. Onlarla yaralı əsgər və zabitlərimizi döyüş bölgəsindən çıxarır. Oktyabrın 21-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralı zabitimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalır. Neytral ərazidə qalan nəşini yalnız oktyabrın 25-də götürmək mümkün olur.

Şəhidin atası Vüqar İsmayılov qeyd edir ki, Vətən müharibəsi başlayanda Vaqif üç dəfə rəisinin otağına girərək döyüşə yollanmaq üçün icazə istəmişdi: “Nəhayət, sonuncu görüşündə müharibəyə getməyə nail oldu. Hər dəfə bizimlə danışanda “Məndən nigaran olmayın, bu torpaqlar cənnətdir” deyirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Anası Simnarə İsmayılova bildirir ki, Vaqifin döyüş yoldaşlarını dəfələrlə ölümdən xilas etdiyini sonradan biliblər: “Çox şükür ki, oğlumun iki övladı var. Mən indi təskinliyi onlardan alıram”.

Həyat yoldaşı Samirə İsmayılzadə Vaqiflə sonuncu dəfə oktyabrın 20-də – atasının ad günündə əlaqə saxladıqlarını deyir: “Zəng edərək atasını təbrik etdi. “Narahat olmayın, hər şey yaxşıdır” dedi. Təsadüfdən kiçik oğlum Renat həmin gün ilk dəfə “ata” kəlməsini söylədi”.

Samirə xanım söyləyir ki, oktyabrın 21-də Vaqif ona sonuncu mesajı yollayıb: “Səhər oyandım ki, Vaqifdən mesaj gəlib. Yazmışdı ki, səni Allaha, uşaqları isə sənə əmanət edirəm. Özünü və övladlarımızı qoru. Daha sonra zəng elədim, cavab vermədi...”.

2017-ci ildə ailə həyatı quran Vaqifin Vüqar və Renat adında iki oğlu yadigar qalıb. Yaxın gələcəkdə Vüqar və Renat atası kimi qəhrəman igidlərimizin qanı bahasına düşməndən azad olunan doğma torpaqda yaşayacaqlar.

Vaqif İsmayılzadə oktyabrın 26-da Beyləqan rayonunun Bahar qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

NURƏDDİN