Proqramda Azərbaycandan 4 film var

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə keçirilən 6-cı Türk Dünyası Sənədli Film Festivalı üçün seçim başa çatıb.

Bu il festivala rekord sayda – 226 film müraciət edib və onlardan 25-i finala vəsiqə qazanıb. Ekran əsərləri iki müsabiqə proqramında – “Peşəkar filmlər” və “Tələbə filmləri” nominasiyalarında yarışacaq.

Peşəkar sənədli filmlər müsabiqəsi üçün seçilən 15 film arasında Azərbaycandan 4 ekran işi var. Bunlar Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən istehsal olunmuş “Biz” (rejissor Orman Əliyev), Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” (rejissor Fariz Əhmədov), habelə “Hədiyyə” (rejissor Rövşən Nicat) və “Son sütun” (rejissor Elvin Mirzəyev) filmləridir.

Festivalın mükafatlandırma mərasimi İstanbulda keçiriləcək.

Festivalın builki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxışı” olaraq müəyyən edilib. Mükafat qazanan filmlər “Dildə birlik:  9 ölkə – 9 şəhər – 1 festival” şüarı ilə doqquz ölkədə – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Kosovo, Macarıstan, Bosniya və Herseqovina və  Şimali Kipr Türk Cümhuriyyətində nümayiş olunacaq.