“Fəryad 2” filminin çəkilişləri başa çatıb

 

Xalq artisti, kinorejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” (“Fəryad 2”) tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeronda aparılıb.

“Azərbaycanfilm”dən bildirilib ki, film erməni işğalçılarının 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsində Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Onların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərində əksini tapıb...

İlkin işçi adı “Fəryad 2” olan filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.

“Mən “Fəryad” filminin ssenari müəllifi olmuşam. Ceyhun Mirzəyev də onu rejissor kimi çəkib, həm də baş rolda oynayıb. Həmin film Birinci Qarabağ müharibəsi haqqında idi. Hər kəs bu filmi görüb və bilir ki, ağır bir filmdir” – bu sözləri isə Xalq artisti Vaqif Mustafayev jurnalistlərə müsahibəsində deyib.

Rejissor bildirib: “44 günlük Vətən müharibədən sonra “Fəryad” filmi daha da baxımlı oldu və sosial şəbəkələrdə onun ikinci hissəsinin çəkilməsi barədə təkliflər irəli sürüldü. İnsanlar “Fəryad” filminin davamını görmək istəyirlər. Soruşurdular ki, nə üçün Vaqif Mustafayev “Fəryad 2” filmini çəkmir. Bu təkliflər artdıqca Mədəniyyət Nazirliyi buna bir cavab olaraq bizə filmin davamını çəkmək barədə tapşırıq verdi. Nazirliyin təklifindən sonra ssenari üzərində işləməyə başladım”.

“İkinci hissə bizim məğlubedilməz Ordumuz haqqındadır” deyən rejissor bildirib ki, “Fəryad 2”də erməni düşüncəsinin çox cılız olduğu da göstərilir.

“Bu filmə başqa ölkələrdə ermənilərlə dostluq edən insanlar baxsalar, “dost” dediyi kəsin kim olduğunu anlayacaqlar. Çünki filmin çəkilməsində məqsədlərdən biri də erməniləri dünyada ifşa etməkdir.

Birinci Qarabağ müharibəsi bizim üçün uğursuz olduğu üçün “Fəryad” filmi kədərli notlarla köklənmişdi. Ancaq ikinci hissə tamamilə başqa ab-hava üzərində qurulacaq. Çəkiliş zamanı heç bir çətinliklə üzləşmədik, çünki çəkiliş qrupu komanda şəklində işləyirdi və ən əsası da odur ki, dövlətimiz bizə dəstək olur”, - deyə rejissor vurğulayıb.