Adil Adilov: «Ölkəmizin «Balttour-2011» sərgisində iştirakı yüksək nəticələr vəd edir»
   
   Azərbaycan bu günlərdə daha bir beynəlxalq turizm sərgisində təmsil olunub. Latviyanın paytaxtı Riqa şəhərində keçirilən «Balttour-2011»də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 24 kvadrat metrlik sahədə Azərbaycanın təbiəti, coğrafi mövqeyi, regionlardakı mövcud turizm imkanları, ölkədə fəaliyyət göstərən istirahət məkanları haqqında məlumatlar yer alıb, ziyarətçilərə rus və ingilis dillərində reklam-çap məhsulları təqdim edilib. 
      
   Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Adil Adilov, Marketinq və təbliğat sektorunun əməkdaşı Səbuhi Əfəndizadə, «GEO travel» və «Gilan turizm» şirkətləri təmsil edib.
   Sərgi barədə qəzetimizə məlumat verən Adil Adilov «Balttour-2011»də dünyanın 33 ölkəsinin 600-dən çox turizm şirkətinin iştirak etdiyini dedi. Onun sözlərinə görə, sərgi zallarında 200-dən artıq stend qurulub: «Biz iştirakçı ölkələrin sərgidəki təmsilçiləri ilə müxtəlif görüşlər keçirdik. Onlara Azərbaycanda turizm sahəsinin inkişafı və perspektivi haqqında geniş məlumat verdik və turistlərin həmin ölkələrdən respublikamıza cəlb edilməsi istiqamətində təbliğat apardıq. Qeyd edim ki, sərginin davam etdiyi günlərdə stendimizə çoxlu sayda yerli və xarici ziyarətçilər gəlirdi. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizlə bağlı ətraflı məlumatlar verirdik. Bundan əlavə, Azərbaycana gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında da ziyarətçiləri məlumatlandırırdıq».
   Nazirlik təmsilçisi sərgi müddətində bir sıra görüşlərin keçirildiyini də dedi. Gürcüstanın Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin rəisi Baçuki Çxeidze və onun müavini Georgi Varşalamidze ilə görüşdə qarşılıqlı turist mübadiləsi, ikitərəfli əməkdaşlığın inkişafı mövzusunda söhbətlər aparılıb: «Eyni zamanda Latviyanın “celo-parts.lv” saytının administrasiyası ilə görüş keçirildi. Saytın rəhbərliyi bildirdi ki, bu internet resursuna Baltik hövzəsi ölkələrində böyük maraq var və Azərbaycanın turizm potensialını nümayiş etdirən reklam çarxlarını və digər təbliğat vasitələrini artıq öz saytlarında yerləşdiriblər. Latviyanın “Officiel” jurnalının direktoru Andrejs Podobedslə keçirilən görüşdə isə o bildirdi ki, qarşılıqlı razılıq olacağı təqdirdə onlar ölkəmizin turizm potensialı barədə informasiyanı öz jurnallarında yerləşdirə bilərlər. A.Podobeds onu da bildirdi ki, yaxın zamanlarda Azərbaycanın turizm potensialının Baltik hövzəsi ölkələrində təbliği məqsədilə xüsusi marketinq təklifi hazırlayacaqlar».
   A.Adilov sərgi zamanı Latviyada təhsil alan azərbaycanlı tələbələrin könüllü şəkildə Azərbaycanın turizm potensialının təbliğ edilməsində iştirak etdiklərini bildirdi və qeyd etdi ki, bu ölkədəki səfirliyimizin əməkdaşları da Latviyadakı azərbaycanlı diasporunun üzvləri ilə birlikdə vaxtaşırı stendimizə gələrək onlara köməklik göstəriblər.
   Azərbaycan təmsilçiləri sərgi zamanı bədnam qonşularımızın növbəti təxribatı ilə də üzləşiblər. Britaniyanın “Lonely Planet” şirkəti tərəfindən dərc olunan və yerli kitab mağazası tərəfindən satışa çıxarılan bələdçi kitabında Dağlıq Qarabağın müstəqil respublika kimi təqdim edilməsini görən nümayəndə heyətimiz bu barədə dərhal Azərbaycanın Latviyadakı səfirliyinə məlumat veriblər. Səfirlik əməkdaşlarının müdaxiləsi ilə bələdçi kitabları sərgidən kənarlaşdırılıb və kitab mağazası tərəfindən Riqa şəhərində onlara məxsus kitab evlərindən də həmin kitabların satışdan çıxarılacağı bildirilib.
   A.Adilov «Balttour 2011» beynəlxalq turizm sərgisində ölkəmizin turizm potensialının təqdimatını yüksək qiymətləndirdi. Onun fikrincə, qeyd olunan sərgidə iştirakımız Azərbaycanın turizm potensialının geniş təbliğ olunması istiqamətində mühüm rol oynayıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar