“Yeddi gözəl” poeması uşaqlar üçün elektron kitab formatında
VII Bakı Beynəlxalq Kitab Sərgisində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təmsil olunur. Fondun himayəsi və dəstəyi ilə müxtəlif dillərdə çap olunan kitab, kataloq, poçt markaları və digər nümunələr ziyarətçilərə təqdim edilir.
Oktyabrın 7-də sərgi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyinin və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn layihənin – Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabın təqdimat mərasimi keçirildi.
Təqdimat C.Hacıyev adına 3 nömrəli 11 illik Musiqi məktəbinin şagirdi Atilla Məmmədovun ifasında “Sevgili canan” romansının səsləndirilməsi ilə başladı.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında qeyd etdi ki, kitab milli kimliyimizi dərk etməyimizdə mühüm vasitədir: “Eyni zamanda kitab bir mənəviyyat qaynağıdır. Türk dünyası əsrlərdən gələn neçə-neçə qiymətli əsərlərə, milli dəyərlərə sahibdir. Əsas məqsədimiz həmin dəyərləri təbliğ etmək və qoruyub saxlamaqdır. Ölkə başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması tək Azərbaycan ədəbiyyatına deyil, bütün türk mədəniyyətinə ehtiramın parlaq nümunəsidir”.
Fondun da sərgidə təmsil olunduğunu söyləyən Günay Əfəndiyeva təşkilatın himayəsi və dəstəyi ilə müxtəlif dillərdə çap olunan kitab, kataloq, poçt markaları və çox sayda digər ədəbiyyat nümunələrinin ziyarətçilərə təqdim edildiyini bildirdi.
Qeyd etdi ki, oxucuların ixtiyarına verilən kitab və kataloqlarda Türk dünyasının birlik, bərabərlik və qardaşlıq ideyaları, tanınmış şəxsiyyətləri, tarixi abidələri, şifahi xalq ədəbiyyatı nümunələri təbliğ olunur, milli-mənəvi dəyərləri, adət-ənənələri beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırılır.
Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova layihə haqqında məlumat verdi. Bildirdi ki, kitabın üzərində işləyərkən poemanın orjinallığı qorunub. Yalnız rəsmlər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin studiyasının şagirdləri tərəfindən çəkilib. Kitabın üz qabığının müəllifi isə həmin studiyanın müəllimi Nərmin Abdullayevadır.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik etdilər.
Sonra tədbir bədii hissə ilə davam etdi. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının üzvləri Cəmilə İbrahimli və Yusif Allahverdiyevin ifasında “Yeddi gözəl” poemasından “Xeyir və Şər”, mərkəzin “Gənc aktyorlar” dərnəyinin üzvü Türkan Nəcəfovanın ifasında isə “Sirlər xəzinəsi” əsərindən “Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü” şeirləri səsləndirildi.
Qeyd edək ki, layihənin məqsədi gənc nəsli Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsi ilə yaxından tanış etməkdir.
NURƏDDİN