Son illər Azərbaycan sürətlə inkişaf edir. İqtisadi gəlirlər artır, əhalinin maddi rifahı yüksəlir, yeni iqtisadi sahələr yaranır. Azərbaycanın milli gəlirinin əsas hissəsi neft sahəsini əhatə etsə də, digər sahələrdə inkişaf perspektivləri də özünü göstərir. Bu xüsusda dövlət siyasətinin əsas istiqamətlərindən biri də bölgələrdə iqtisadi inkişafa nail olmaq, yeni iş yerlərinin açılması, iqtisadiyyata xarici investisiyaların qoyulmasıdır.
Füsunkar təbiət
Bölgələrdə iqtisadi artıma nail olmağın əsas yollarından biri də turizmi inkişaf etdirməkdir. Azərbaycanın şimal-qərb hissəsində yerləşən Zaqatala rayonu Şəki-Zaqatala iqtisadi rayonunun əsas mərkəzlərindən biridir. Zaqatala rayonu əsrarəngiz füsunkarlığı, gözəl iqlimi, dağlardan axan çay və şəlalələri ilə adamı valeh edir. Heç də təsadüfü deyildir ki, hələ sovet dövründə Zaqatalaya qonaq gələn xarici turistlər bu rayonu “Balaca Paris” adlandırırdılar.
Zaqatala rayonu Böyük Qafqaz dağlarının cənub ətəklərində dəniz səviyyəsindən 543 m yüksəklikdə yerləşir. Rayonun ərazisindən-xüsusilə şəhərin içərisindən Tala çayının keçməsi rayonun gözəlliyini bir az da artırır. Dağlarda bitən bəzi endemik bitkilər, habelə qoz, palıd və cökə ağacları buranın təbiətinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Rayonun ərazisindən keçən Alazan çayı Azərbaycanla Gürcüstan arasında sərhəd rolunu oynayır. Zaqatala Gürcüstan və Rusiya ilə həmsərhəddir.
Rayondakı dağlarda dünyanın nadir bitkilərindən olan dəmirağacı Zaqatala meşələrinin bəzəyidir. Zaqatalada bitən bitkilərin bir çoxu müalicəvi əhəmiyyətə malik olub, dünya miqyasında tanınır. Vaxtilə rayonda istehsal olunan çay bitkisi dünyanın bir çox bölgələrinə ixrac edilirdi.
Tarixi-mədəni irs
Zaqatala tarixinin başlanğıcı eramızdan əvvəllərə gedib çıxır. Rayonda qədim tarixə malik olan abidələrin yerləşməsi ulu keçmişimizdən xəbər verir. Ümumiyyətlə, Zaqatalanı abidələr məskəni adlandırmaq olar. Burada qədim alban tayfalarının qoyduğu izlərdən başlayaraq, bu günümüzə qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Zaqatalada alban tayfalarının yaşadığını sübut edən abidələr rayon mərkəzinin içərisində və sahilboyu səpələnib.
Təsadüfü deyildir ki, Zaqatala şimalda çar Rusiyasına qarşı baş verən üsyanların mərkəzlərindən biri olub. Yerli əhali tərəfindən Qanzaqor dağının “Şamil dağı” adlandırılması ruslara qarşı baş verən Şamil hərəkatının bölgə üçün əhəmiyyətini bir daha təsdiq edirdi. Vaxtilə Rusiya tərəfindən işğal olunduqdan sonra Zaqatalada öz dayaq mərkəzini yaratmaq üçün çar tərəfindən tikilən “Zaqatala qalası” XIX əsrin abidəsi olmaqla bərabər öz ilkinliyini qoruyub saxlayır.
Rayonun bugünkü mənzərəsi turizm üçün geniş imkanlar açır. Burada aparılan son tikinti-quraşdırma və abadlaşdırma işləri rayon mərkəzinin gözəlliyini daha da artırıb. Rayonun “Heydər Əliyev adına mədəniyyət və istirahət parkı” Avropa standartlarına cavab verəcək səviyyədə yenidən bərpa edilib. Parkda olan Heydər Əliyev muzeyi isə bura gələn qonaqların bir daha dahi öndərin həyat və yaradıcılığı ilə tanış olmasına imkan verir. Parkda tikilən “Qala düzü” restoranında qonaqlara milli xörəklərimiz, Azərbaycan kulinariyasının zəngin nümunələri təklif edilir. Bununla yanaşı, parkda olan attraksion-oyun qurğularının da yenilənməsi yaxşı olardı.
Milli zənginlik və tolerantlıq
Zaqatalada toxuculuq və ipəkçilik, misgərlik, dulusçuluq sənətinin inkişafı üçün geniş imkanlar var. Vaxtilə Zaqatalada toxunan xalçalar, eləcə də dulusçuluq məmulatları və digər xalq sənəti nümunələri bu gün dünya muzeylərini bəzəyir.
Məlumdur ki, Zaqatala çoxmillətli rayondur. Burada 26 millətin nümayəndələri qərarlaşıbdır. Azərbaycanda aparılan tolerantlıq siyasətinin nəticəsidir ki, buradakı xalqlar qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Hər bir xalqın özünəməxsus kulinariyasını, etnoqrafiyasını yaşatmaqdan ötrü geniş imkanlar var. Rayonun əzəli və daimi sakini olan azərbaycanlılar digər xalqlarla birgə milli folklorunu yaşatmaqdadır. Bununla belə, bölgənin dünya miqyasında tanınması üçün burada beynəlxalq folklor, mahnı, rəqs, rəsm və kulinariya sərgilərinin keçirilməsi daha yaxşı olardı.
Turizmi daha da təşviq etmək lazımdır
Zaqatalada müxtəlif istirahət mərkəzləri, turizm obyektləri ilə yanaşı, müasir tələblərə cavab verən olimpiya-idman kompleksi də fəaliyyət göstərir. Kompleksdə beynəlxalq yarışların keçirilməsi üçün stadion, boks, dzyu-do, voleybol meydançaları mövcuddur. Məlumdur ki, idman həm də dövlətin iqtisadi gəlirlərinin bir hissəsini təşkil edir. Odur ki, məhz rayonda beynəlxalq idman yarışlarının keçirilməsi turizmin inkişafına təkan verə bilər.
Bütün bunların inkişaf etdirilməsi əsasən ixtisaslı kadrların yetişdirilməsi ilə sıx surətdə bağlıdır. Bölgədə Azərbaycanın, eləcədə yaşadığı yerin tarixini mükəmməl bilən mütəxəssislərə ehtiyac duyulur. Peşə məktəbləri və kurslar çərçivəsində ekskursiyaçı, bələdçi və mehmanxana qulluqçusu kimi peşələrin region səviyyəsində hazırlanması olduqca vacibdir.
Turizm sahəsinin inkişaf etdirilməsi təkcə əlaqədar təşkilatların diqqətində deyil, həm də əhalinin, ictimaiyyətin nəzarətində saxlanılmalıdır. Bu vətən, bu diyar bizimdir. Turizm sahəsi təkcə iqtisadiyyat deyil, həmçinin ekologiyanın inkişafı, yaşadığımız məkanın təmiz saxlanması, tariximizin öyrənilməsi, adət-ənənələrimizin qorunması məsuliyyətini aşılamaqla, həm də gələcəyə açılan qapıdır.
Rasim Ələsgərov,
Zaqatala