Kitab sərgisində ADU-nun stendi zəngindir


Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində davam edən VII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dillər Universiteti (ADU) də təmsil olunur.

ADU-nun mətbuat xidmətindən bildirilib ki, sərginin açılış günü ali təhsil ocağının nəşrlərinin təqdim edildiyi stendə baş çəkən Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov və təhsil naziri Emin Əmrullayev buradakı nəşrlərlə tanış olublar.

ADU-nun rektoru, akademik Kamal Abdulla “Həqiqətin onomastikası” kitabı haqqında məlumat verib. Qeyd edilib ki, gərgin tədqiqat işlərinin bəhrəsi olan kitab tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərini yox etmək üçün 1600-ə yaxın toponim, hidronim və oronimin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.

Kitabın yaxın zamanda ingilis, rus və fransız dillərində də nəşri nəzərdə tutulur.

Qeyd edək ki, sərgidə ADU-nun son üç ildə çap olunan 100 adda nəşri nümayiş olunur.