Mütəxəssislərin fikrincə, bu istiqamətdə təbliğat gücləndirilməlidir
   
   Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi bir çox məsələləri gündəmə gətirib. Mütəxəssislərin fikrincə, bu il həyata keçiriləcək tədbirlər turizm in
   frastrukturunun, o cümlədən ölkəmiz üçün yeni olan turizm sahələrinin inkişafına təkan verəcək. Bu xüsusda inşası uğurla davam etdirilən Şahdağ qış-yay turizm kompleksi geniş perspektivlər vəd edir. Kompleksin fəaliyyətə başlaması ölkəmizdə qış turizminin inkişafına və daha kütləvi xarakter almasına zəmin yaradacaq.
   
   Bu günlərdə, daha bir regionda - Daşkəsən rayonunda qış turizminin inkişafı üçün yeni layihə hazırlanıb. Dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşən Daşkəsəndə qış turizminin inkişafı üçün geniş imkanlar var. Murovdağın ətəklərində yerləşən rayonda qışın şaxtalı keçməsi qış mövsümündə dincəlmək istəyən turistləri özünə cəlb edə bilər ki, bu da rayonun iqtisadi inkişafına müsbət təsir göstərər. Layihə də məhz bu amillər nəzərə alınaraq hazırlanıb.
   Ölkəmizdə qış turizminin imkanları və inkişaf perspektivləri barədə Azərbaycan Turizm İnstitutunun müəllimi, «Bakı-tur» turizm şirkətinin əməkdaşı Əlixan Mürvətovla söhbət etdik. Həmsöhbətimiz bildirdi ki, bu sahədə uğur əldə etmək üçün turizmlə bağlı olan bütün idarələr fəal işləməlidir: «Bildiyimiz kimi, Azərbaycanda hazırda daha çox yay turizminə üstünlük verilir. Bu fəsildə həm ölkə daxilində, həm də bir sıra xarici ölkələrdən gəlmiş əcnəbi turistlərin sayı artır. Ancaq vətəndaşlarımız qış turizminə də meyllidirlər. Məsələn, 2010 və 2011-ci ilin qış mövsümündə “Baki-tur” turizm şirkətinin xətti ilə təşkil olunan Qəbələ-Şəki turları çox maraqla qarşılandı. Həmkarlar İttifaqlarının xətti ilə təşkil olunan turlarda 500 nəfərdən artıq turist iştirak etdi. Bu da daxili turizmdə qış turizminin inkişafının göstəricisidir».
   Bölgələrdə qış turizminin inkişaf səviyyəsindən danışan mütəxəssis bildirdi ki, «Şahdağ» kompleksinin tikilməsi turizmin bu istiqamətinin imkanlarını daha da artırır: «Bu cür komplekslər təkcə “Şahdağ”la məhdudlaşmır. Oğuz və Qəbələdə də çox gözəl turist kompleksləri tikilib. Bundan başqa, Şamaxıda və cənub bölgəsində turizm müəssisələri fəaliyyət göstərir. Amma qış turizminin inkişafı təkcə hotellərin və istirahət mərkəzlərinin müasir səviyyədə tikilib istifadəyə verilməsindən ibarət deyil. Yolların normal olması bu işdə vacibdir. Bir neçə il əvvəl Yeni ili bir qrup turistlə birgə Lerikdə yerləşən “Relax” istirahət mərkəzində qeyd etmək məqsədilə bu məkana yollandıq. Ancaq geri dönəndə güclü qar yağdı və turistlərin qayıtması çətin oldu. Bu cür problemlərin olmaması və qış turizminin istənilən səviyyədə inkişafı üçün yol infrastrukturunun qurulması vacibdir».
   Qış turizmi ilə bağlı reklam, təbliğat işlərinin az aparıldığını deyən Ə.Mürvətov qeyd etdi ki, bu işə turizm şirkətləri tərəfindən xüsusi diqqət yetirilməlidir: «Turizm işində reklam əsasdır. Təbliğat işi güclü olarsa, ölkə daxilində qış turizminə maraq artar. Burda bir haşiyə çıxmaq istərdim, artıq 26 ildir ki, turizm sahəsində çalışıram. Deyə bilərəm ki, sovet dönəmində ölkəmizdə qış turizminə daha çox əcnəbilər meylli idilər. Amma bu gün sevindirici haldır ki, artıq azərbaycanlılar qış turizmində iştirak etmək istəyirlər. Respublikada bu sahədə bir az da reklam güclü olsa, tikilməkdə olan qış turizm kompleksləri hazır olandan sonra qış turizminə əhali arasında maraq daha da artacaq».
   «Hər bir turizm şirkəti istəyir ki, qışda da, yayda olduğu kimi qazanc əldə etsin», - deyən həmsöhbətimiz qışda turizm şirkətlərində bir qədər durğunluq olduğunu bildirdi. Onun fikrincə, bu komplekslər istifadəyə verildikdən sonra turizm şirkətləri qış turizminin təbliği ilə daha fəal məşğul olacaq: «Qış turizminin kütləvilik qazanması üçün qiymətlər də əsas şərtdir. Yeni tikilib istifadəyə veriləcək qış turizm komplekslərində qiymətlər normal olarsa, bu sahə lazımi səviyyədə inkişaf edəcək. Ölkəmizdə qış turizminin inkişafı hələlik qənaətbəxş olmasa da, bu ilin “Turizm ili” elan edilməsi və yeni müasir qış turizm komplekslərinin tikilib istifadəyə verilməsi bu sahədə dönüş yaradacaq.
   2011-ci ildə həm xarici, həm də daxili turizmdə daha böyük uğurlar əldə olunacaq. Bakıda 5 beşulduzlu hotelin istifadəyə verilməsi dünyada ölkəmizin turizm sahəsində müsbət imicinin formalaşmasına böyük təsir edəcək. Eyni zamanda, ölkəmizə səyahətə gəlmək istəyən orta təbəqə üçün az ulduzlu hotellərin də tikilməsi yaxşı olardı. Yəni işimizi elə qurmalıyıq ki, müxtəlif təbəqədən olan əcnəbi turistləri ölkəmizə cəlb edə bilək».
   

   Fəxriyyə Abdullayeva